İspaniyanın turizm sektorunun artım tempi Avropa və ABŞ-dan gələn turistlərin xərclərinin azalması səbəbindən kəskin şəkildə zəifləyib. Bunun nəticəsində bu ilin iqtisadi artımına turizmin töhfəsi gözləniləndən daha zəif olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə çərşənbə axşamı İspaniya Turizm Peşəkarları Federasiyası “Exceltur” məlumat yayıb.
“Exceltur”un proqnozuna görə, dünyanın ikinci ən çox ziyarət edilən ölkəsində turizmlə bağlı bütün fəaliyyətlərin həcmi 2025-ci ildə cəmi 2,8 faiz artacaq. Bu, əvvəlki 3,3 faizlik artım proqnozundan aşağı göstəricidir.
Bu il İspaniyanın ümumi daxili məhsulunda turizm sektorunun payı 13,1 faiz təşkil edəcək ki, bu da ilkin hesablamalardakı 13,5 faiz göstəricisindən azdır.
“Turizm artıq İspaniya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi deyil”, — deyə “Exceltur”un vitse-prezidenti Oskar Perelli mətbuat konfransında bildirib. O əlavə edib ki, bu sektor artıq ölkənin 2,6 faizlik gözlənilən iqtisadi artım səviyyəsini əhəmiyyətli dərəcədə üstələyə bilməyəcək.
Beynəlxalq turistlərin sayı ilin əvvəlində Dünya Səyahət və Turizm Şurası tərəfindən proqnozlaşdırılan 100 milyon nəfərdən bir qədər çox ola bilər.
Ötən il İspaniya rekord sayda 94 milyon turist qəbul edib.
“Exceltur”un məlumatına görə, artım tempinin azalması Almaniya, Fransa, Türkiyə və ABŞ-dan gələn turistlərin xərclərinin azalması ilə bağlıdır. Bununla belə, ümumi turist axınının 26,5 faizini təşkil edən Böyük Britaniya, eləcə də Çin və Polşadan gələn turistlərin sayının artması pik mövsümdə bu tendensiyanı qismən kompensasiya edib. Daxili turizmin həcmi isə dəyişməz qalıb.