YAP Ağdaş rayon təşkilatı tərəfindən Zaqatala Regional Qaz İstismar İdarəsinin Ağdaş Xidmət Sahəsində Konstitusiya və Suverenlik ili çərçivəsində partiya fəalları ilə görüş keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İki sahil” xəbər verir ki, YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov partiyamızın sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən geniş söz açıb. Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi parlaq Zəfərin təməlində Ulu Öndər Heydər Əliyevin siyasi kursunun dayandığı qeyd edilib. Əlişah Rəcəbov Qarabağ və Şərqi Zəngəzurda görülən genişmiqyaslı tikinti-quruculuq işlərinin Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisi olduğunu vurğulayıb.
Partiya fəallarından Süleyman Qarayev, Mikayıl Şirinov və Yusif Səfərov çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji layihələrindən bəhs ediblər. Qeyd edilib ki, ölkəmiz ənənəvi enerji layihələri ilə paralel olaraq “yaşıl enerji” layihələrini də çox böyük uğurla icra edir. Məhz bu uğurlu layihələr nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş olaraq qəbul edilir.