15 oktyabr 2025 01:26
180

Azərbaycana hansı ölkələr nə qədər investisiya yatırıb?

İnvestisiya iqtisadi inkişafın əsas prioritetlərindən biri olmaqla  sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar və s. aiddir.

İqtisadi inkişafın özəl qaydalarından biri də investorlara münbit şərait yaratmaqdan ibarətdir. Ona görə də hansı ölkədə ki, münbit investisiya mühiti var, oraya xarici investorların axını sürətlənir. Azərbaycan dövləti də investorları cəlb emək üçün həm zəngin təbii resurslara, həm də əlverişli coğraft mövqeə malikdir.

Həmçinin ölkəmizdə invesitorların iqtisadi marağını təmin etmək üçün geniş hüquqi baza yaradılıb. Yəni, son onilliklər ərzində ölkəmizin investisiya cəlbediciliyini artırmaq üçün ciddi islahatlar aparılıb. İlk növbədə  bu sahədə qanunvericilik  bazası təkmilləşdirilməklə  investorlara mane ola biləcək bütün bürokratik əngəllər aradan qaldırılıb.

Onların şəffaf və maneəsiz fəaliyyəti üçün antikorrupsiya tədbirləri gücləndirilib. Bundan başqa, dövlətə məxsus şirkət və müəssisələrin, habelə dövlət payına malik sahibkarlıq subyektlərinin vahid prinsiplər əsasında idarə edilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə «Azərbaycan İnvestisiya Holdinqi» yaradılıb.

Bu gün də ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən «açıq qapı» siyasəti həyata keçirilir. Hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər həyata keçirir. Belə ki, Azərbaycan Respublikasının investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Apelyasiya şuralarının təşkili, «İnvestisiya fəaliyyəti haqqında», «Xarici investisiyaların qorunması haqqında», «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir.

Məhz xarici investorlara yaradılan belə şəffaf mühitə görə  Azərbaycana iqtisadiyyatına  2020-2024-cü illlər ərzində  cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 29 mlrd. 303 mln. 112 min ABŞ dolları təşkil edib. Aparılan təhlillərə əsasən Böyük Britaniya beş ildir ki, Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların siyahısına liderlik edir.

Bu ölkə tərəfindən 2020-ci ildə Azərbaycan iqtisadiyyatına 1 milyard 680 milyon 899 min dollar, 2021-ci ildə 1 milyard  586 milyon 614 min dollar, 2022-ci ildə 1 milyard  759 milyon 946 min dollar, 2023-cü ildə 1 milyard  857 milyon  64 min dollar və 2024-cü ildə 1 milyard  748 milyon  822 min dollar olmaqla 5 ilə toplamda 6 milyard 876 milyon 104 min dollar investisiya yatırılıb. Hesabat dövründə respublikamıza ən çox investisiya yatıran ikinci dövlət  qardaş Türkiyədir. Sonrakı yerləri Rusiya, İran, Qazaxstan və ABŞ tutur.

Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlbi istiqamətində səmərəli layihələr həyata keçirir. Belə ki,  xeyli sayda  xarici şirkətlər işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsində iştirak edirlər. Onlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatına, şəhərsalma işlərinə sərmayə yatırırlar. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata görə, postmüharibə dövründə Agentliyə işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan 1000-dən çox müraciət daxil olub.

Elçin Zaman, «İki sahil»