17 oktyabr 2025 10:45
132

Azərbaycan qadın məşğulluğu reytinqində 35 pillə irəliləyib

Azərbaycan qadınlar üçün məşğulluq imkanlarının yaradılmasına görə dünya miqyasında öz reytinqini 104-cü yerdən 69-cu yerə yüksəldib.

“İki sahil” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Doha şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Əmək Nazirlərinin 6-cı Konfransı çərçivəsində keçirilən iclasda məlumat verib.

Bildirilib ki, Azərbaycanda qadınlar üçün məşğulluq imkanlarının artırılması sahəsində son illər mühüm irəliləyişlər əldə edilib. Sözügedən reytinq isə Dünya Bankının "Qadınlar, Biznes və Hüquq" hesabatında yer alıb.

Nazir son altı ildə Azərbaycanda beş sosial islahat paketinin icra edildiyini deyərək bildirib ki, işçi hüquqlarının qorunması və əməyin mühafizəsi ölkəmizdə əsas prioritetlər sırasındadır.

Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59 Konvensiyasını, bir Protokolunu ratifikasiya edib və hazırda daha dörd Konvensiyanın da ratifikasiya imkanları nəzərdən keçirilir.