17 oktyabr 2025 11:52
110

MM Azərbaycanla BƏƏ arasındakı "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"ni ratifikasiya edib

Milli Məclis Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətləri arasında imzalanmış "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"ni ratifikasiya edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında sazişin layihəsi müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan ilə BƏƏ arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə bağlanmış Saziş 9 iyul 2025-ci il tarixində Əbu-Dabi şəhərində imzalanıb. Sazişin əsas məqsədi iki ölkə arasında ticarət və investisiya münasibətlərini genişləndirmək, ticarət maneələrini azaltmaq, qarşılıqlı İqtisadi əməkdaşlığı gücləndirmək və uzunmüddətli, sabit hüquqi çərçivə yaratmaqdır.

Saziş ümumilikdə 18 fəsildən və bir sıra əlavələrdən ibarətdir. Onun strukturu və məzmunu müasir azad ticarət və hərtərəfli iqtisadi tərəfdaşlıq anlaşmalarına uyğun hazırlanıb.

Sazişdə malların və xidmətlərin ticareti, investisiyalar, gömrük prosedurlarının sadələşdirilməsi, dövlət satınalmalan, rəqəmsal ticarət, əqli mülkiyyət hüquqları, kiçik və orta sahibkarlığın dəstəklənməsi, mübahisələrin həlli mexanizmləri və yekun müddəalarla bağlı əhatəli razılaşmalar öz əksini tapıb.

Bildirilib ki, sazişin müddəalarına əsasən, tərəflər arasında gömrük rüsumlarının azaldılması və ya aradan qaldırılması, malların mənşəyinin müəyyən edilməsi, ticarət prosedurlarının asanlaşdırılması, texniki və sanitar-fitosanitar qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulur. Xidmət sektorunda şəffaflıq, bazara çıxış və bərabər rəqabət imkanları təmin edilir. Eyni zamanda, investisiyaların qorunması və təşviqi, rəqəmsal ticarətin inkişafı, dövlət satınalmalarında qarşılıqlı bazara çıxış və ayrı-seçkiliyin aradan qaldırılması kimi məsələlər də tənzimlənir.

Saziş əqli mülkiyyət hüquqlarının qorunması sahəsində də müasir beynəlxalq standartlara uyğun müddəaları özündə birləşdirir. Milli təhlükəsizlik, vergi məsələləri və beynəlxalq normalara uyğun istisnalar, həmçinin tərəflər arasında yarana biləcək mübahisələrin məsləhətləşmələr və xüsusi panel prosedurları vasitəsilə həlli mexanizmləri də sənəddə ayrıca nəzərdə tutulmuşdur. Prosedur qaydaları və panelistlərin davranış kodeksi əlavələrdə verilib.

Sənədə əsasən, saziş müddətsiz bağlanıb. Hər hansı tərəf müqaviləyə xitam vermək istədikdə, qarşı tərəfə bu barədə 80 gün əvvəl yazılı bildiriş göndərməlidir. Saziş tərəflərin daxili hüquqi prosedurları başa çatdıqdan sonra qüvvəyə minir. Sənəd Azərbaycan, ərəb və ingilis dillərində tərtib edilmişdir və bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir. Fərqlilik yarandıqda ingilis dili versiyası əsas götürülür.

Qeyd olunub ki, Azərbaycanla BƏƏ arasında imzalanmış saziş iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün müasir beynəlxalq standartlara uyğun, əhatəli hüquqi baza yaradır. Sazişin ratifikasiyası ticarət ve investisiya əlaqələrinin möhkəmləndirilməsi, iqtisadi fəaliyyətin genişləndirilməsi və uzunmüddətli strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sənəd layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.