"Euronews" telekanalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı reportaj hazırlayıb.
“İki sahil” xəbər verir ki, "Azərbaycan Müqəddəs Taxt-tacda aparılan bərpa işləri ilə Vatikanla əlaqələri gücləndirir" sərlövhəli materialda Mehriban Əliyevanın səfərinin Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin inkişafında mühüm addım olduğu qeyd edilir.
Vurğulanır ki, Vatikan rəsmiləri Azərbaycanın dünya irsinin qorunub saxlanmasında və dinlərarası dialoqun gücləndirilməsindəki rolunu yüksək qiymətləndiriblər. Eyni zamanda Azərbaycan Vatikandakı tarixi katakombaların bərpasına, həmçinin Bakıda yeni katolik kilsəsinin tikintisinə dəstək verir.
Materialda bildirilir ki, Azərbaycanın Birinci vitse-prezidenti IV əsrə aid qədim xristian kompleksi olan Komodilla katakombalarının bərpası layihəsinin açılışında iştirak edib. Restavrasiya 2021-ci il martın 4-də Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası ilə imzalanmış müqaviləyə əsasən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.
18-ci əsrdə aşkar edilmiş və arxeoloqlar tərəfindən ilk dəfə 1900-cü ildə araşdırılmış katakombalarda ən qədim xristian artefaktlarından bəziləri var və ənənəvi olaraq erkən xristian şəhidləri Feliks və Adauktusun dəfn yeri hesab olunur. Orta əsrlərdə onlar möminlər üçün vacib ziyarət yeri idilər. Kövrək freskaların qorunması və yeraltı divarların möhkəmləndirilməsi üçün lazer və nanotexnologiya üsulları ilə bərpa işləri aparılıb.
"Euronews" qeyd edir ki, səfər zamanı Mehriban Əliyeva Papa XIV Leo ilə görüşüb və o, Azərbaycanla dinlərarası dialoqun vacibliyini vurğulayıb. Həmçinin Vatikan dövlətinin Baş katibi Raffaella Petrini ilə də görüş keçirilib. Dostluq və ortaq mədəni irs əlaməti olaraq simvolik nar ağacı əkilib.
Vatikan Apostol Kitabxanasında Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə qorunub saxlanılan nadir Azərbaycan əlyazmaları ilə tanış olub. Birgə layihələr regionun çoxəsrlik mətnlərinin və xəritələrinin rəqəmsallaşdırılmasına və qorunmasına imkan yaradıb.
Bundan başqa, Birinci vitse-prezident Avropanın ən böyük uşaq tədqiqat mərkəzi olan "Bambino Gesù" xəstəxanasında olub, burada azərbaycanlı həkimlərə genetik və nadir xəstəliklərin tədqiqi üzrə italiyalı həmkarları ilə əməkdaşlıq etməyə imkan verəcək yeni əməkdaşlıq sazişi imzalanıb.
"Romadan kənarda, Bakıda Müqəddəs II İohann Pavelə həsr olunmuş yeni katolik kilsəsinin tikintisi davam edir. Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallaher 2024-cü ilin dekabrında tikinti yerinə xeyir-dua verib və yeni kilsənin təməl daşını qoyub. Azərbaycanla Müqəddəs Taxt-tac arasında əməkdaşlıq qədim katakombalardan müasir tikinti meydançalarına qədər bir çox istiqaməti - mədəni mübadilə, elmi əməkdaşlıq və qarşılıqlı hörməti özündə ehtiva edir", - süjetdə qeyd olunur.