22 oktyabr 2025 11:08
109

Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhliz daşımaları üçün vahid tarif tətbiq edəcək

Azərbaycan və Gürcüstan təkcə fiziki infrastrukturun deyil, həm də inzibati və hüquqi mexanizmlərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov 5-ci Tbilisi İpək yolu forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində vahid tarif siyasətinin formalaşdırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, multimodal daşımaların təşviqi istiqamətində mühüm addımlar atılır:

"Bunun təsdiqi olaraq bu ayın əvvəlində Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu operatorları Orta Dəhliz üzrə daşımalar üçün vahid uzunmüddətli tarifin tətbiqinə dair razılıq əldə ediblər".

Əli Əsədov qeyd edib ki, tərəflər liman, dəmir yolu və logistika infrastrukturunun təkmilləşdirilməsi, mövcud darboğazların aradan qaldırılması, rəqəmsallaşdırmanın genişləndirilməsi və dəhlizin ötürücülük qabiliyyətinin artırılması üçün birgə addımlar atmağa razılaşıblar.

"Əminik ki, birgə səylərimiz regionun nəqliyyat və logistika potensialının tam reallaşdırılmasına, ticarət dövriyyəsinin və investisiya axınının artmasına, habelə Avrasiya məkanında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək", - Baş nazir əlavə edib.