Müasir dövrdə sosial media insanların özünüifadə platformasına çevrilib. Hər gün milyonlarla insan sosial şəbəkələrdə gününün, hətta həyatının hər anını paylaşır. Görünür ki, xoşbəxtlik və uğur günümüzdə reallıqda deyil, ekran arxasında qiymətləndirilir. Təəssüf ki, bu sadəcə paylaşımlardan ibarət proses deyil- sosial mediada formalaşan “mükəmməl həyat” obrazı artıq gənc nəslin düşüncə tərzini, dəyərlərini və özünə münasibətini formalaşdıran yeni psixoloji mühit yaradıb.
Gənclər belə bir mühitdə özlərini natamam hiss edirlər. Belə ki, paylaşımlarda mükəmməl münasibət, uğurlu karyera, qüsursuz estetik görünüşlə qarşılaşan gənclərdə özgüvən əskikliyi, psixoloji gərginlik kimi narahatlıqlar müşahidə olunur. Zamanla bu hisslər “mən nəyə görə belə deyiləm?”, “bəlkə mən yetərincə yaxşı deyiləm?” kimi suallara çevrilir və gənclərin özünə inamı sarsılır.
Sosial mediada “mükəmməllik yarışları” real həyatda mümkün olmayan bir standart yaradır. Hər kəs bir-birinin həyatını izləyir, lakin çox az adam filtrlərin arxasındakı yorğunluq, saxta gülümsəmələr, ekran arxasında qalan problemlər kimi reallığın görünməyən tərəflərindən xəbərdardır. Buna baxmayaraq paylaşımlardakı parlaq görüntülər gənclərin şüurunda “uğur” və “xoşbəxtlik” anlayışını dəyişdirir. Artıq bunlar mənəvi rahatlıq və məmnunluqla deyil, vizual görünüş və sosial təsdiqlə ölçülür.
Günümüzdə bir çox gənc sosial medianın yaratdığı illüziyanın uzunmüddətli təsiri ilə reallıqla virtual ideallar arasında qalıb, öz kimliyini, həyatını və məqsədlərini başqalarının paylaşımlarında axtarmağa başlayır. Bu emosional asılılıq fərdin özünü qiymətləndirmə meyarlarını təhrif edir. Bu təkcə fərdi problem deyil, artıq cəmiyyətin psixoloji sağlamlığına ciddi təsir edən kütləvi psixoloji tendensiyaya çevrilib.
Rəqəmsal dövrdə emosional sabit qalmaq
Sosial media platformalarında informasiya bolluğu ilə yanaşı emosional yüklənmə də artıb. Hər gün yüzlərlə insanın uğuru, xoşbəxtliyi və parlaq anları ilə dolu paylaşımlar qarşısında dayanmaq, bu informasiyanı süzgəcdən keçirmək və öz emosional balansını qorumaq asan deyil. Lakin rəqəmsal dövrdə psixoloji sabit qalmaq artıq seçim deyil, zərurətə çevrilib. Cəmiyyət olaraq biz yeni bir mərhələyə qədəm qoymuşuq. Burada “emosional dayanıqlılıq” eynilə fiziki sağlamlıq qədər vacib sayılır. Bu mədəniyyətin formalaşması həm fərdi səviyyədə, həm də sosial və media mühitində birgə məsuliyyət tələb edir.
Medianın və fenomenlərin məsuliyyəti
Media orqanları və sosial şəbəkə fenomenləri bu reallığın formalaşmasında mühüm rol oynayır. “Mükəmməllik mədəniyyəti”nin kütləviləşməsi çox vaxt məhz onlardan qaynaqlanır. Reallıqla uyğunlaşmayan, filtrlənmiş və süni xoşbəxtliklə dolu görüntülər ictimai şüuru istiqamətləndirir. Bu səbəbdən, müasir media yalnız məlumatlandırmaq açıyox, həm də emosional məsuliyyət daşımaq funksiyasını yerinə yetirməlidir. Paylaşılan hər bir görüntü, başlıq və ya trend kütlənin psixologiyasına təsir edir. Buna görə də, balanslı, real və maarifləndirici məzmunların yayılması rəqəmsal ekosistemin sağlamlığını qoruyacaqdır.
Cəmiyyətin və ailənin rolu
Rəqəmsal mədəniyyətin formalaşması təkcə texnoloji savadla deyil, “emosional savad”la da bağlıdır. Uşaqlar və gənclər sosial mediadan istifadə etməyi öyrənirlər, amma hisslərini idarə etməyi çox zaman bacarmırlar. Ailələr və təhsil müəssisələri burada əsas rol oynayır. Gənclərə öz dəyərlərini başqalarının uğuru ilə ölçməməyi, reallığı virtual parıltılardan ayırmağı öyrətmək lazımdır.

Fərdi məsuliyyət və rəqəmsal balans
Hər bir insanın bu prosesdə şəxsi rolu vardır. Rəqəmsal balans təkcə ekran vaxtını azaltmaq deyil, həm də emosional sərhədləri müəyyənləşdirməkdir.
Bu, hər paylaşıma reaksiya verməmək, hər tendensiyanın arxasınca qaçmamaq və virtual aləmdəki xoşbəxtlik təəssüratını real həyat dəyərləri ilə müqayisə etməmək deməkdir. Rəqəmsal mühitdə “özün kimi qalmaq” da bəzən bir uğurdur.
Ailə və uşaq psixoloqu Vüsalə Əmiraslanova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, son dövrlər sosial mediada hər kəs öz gəzdiyi yerləri, getdiyi restoranları və ya sahib olduqlarını daha çox göstərməyə və yaxud da çəkib paylaşmağa meyilli olurlar: “Ümumiyyətlə, təkcə sosial şəbəkədə deyil, bəzən elə həyatda da bir-biri ilə münasibətdə olan gənclər və yeniyetmələr özlərini həyatları haqqında geniş məlumat verərək bir-birinə sanki "mən mükəmməl həyatda yaşayıram", "mükəmməl bir həyatım var" deyə, nümayiş etdirməyə çalışırlar.”
Natamamlıq kompleksi
Psixoloqun sözlərinə görə, araşdırmalara və psixoloqların müşahidələrinə əsasən, “mükəmməl həyatı” olan insanlar çox göstərişli paylaşımlar edərək, həyatlarına dair çox geniş məlumatlar verərək, bunu nümayiş etdirməyə çalışmırlar. Çünki ən yaxşısı olmaq, ən birinci olmaq iddiasında olmurlar heç vaxt. Ona görə də onlar üçün bu məlumatları bölüşmək bir o qədər də əhəmiyyət kəsb etmir: “Düşünürəm ki, bu natamamlıq kompleksindən əziyyət çəkən insanların xüsusiyyətidir və təəssüflər olsun ki, yeniyetmələr də buna çox məruz qalırlar. Mənim fikrimcə, elə ən böyük problemlərdən biri gənclərin digərlərinin həyatını təkrarlamaq istəməyidir.”
Mükəmməl həyat yoxdur
Vüsalə Əmiraslanovanın fikrincə, mükəmməllik heç yerdə yoxdur: "Onların həyatı məndə də olsun", "gördüyüm nə varsa, mənə də aid olsun" düşüncəsi və istəyi gəncləri mükəmməlçiliyə aparır. Sosial şəbəkədə, yaşadığımız mühitdə, ümumiyyətlə heç yerdə mükəmməl həyat yoxdur və insanlar da o mükəmməlliyi axtara-axtara öz həyatını demək olar ki, məhvə doğru aparırlar.
Rəqəmsal detoks
Həmsöhbətimizin fikrincə, "rəqəmsal detoks" adlandırdığımız məsələdə söhbət təkcə sosial media platformalarından müvəqqəti uzaqlaşmadan getmir, çünki insanın beyni rahat deyilsə, uzaqlaşsa belə yenə onu düşünəcəkdir. Gördüyü son hadisə nədirsə, insanın yaddaşında son olaraq o qalır: “Əsas məsələ odur ki, insan sosial mühitin içində öz dəyərlərini qorusun, öz istəklərini nəzərə alsın və kimsəyə bənzəməyə çalışmasın. Burada isə daha çox gənclərin özlərinə verdikləri dəyər, öz şəxsi hədəflərinin formalaşması vacibdir.”
Nəticə etibarilə rəqəmsal mühitin cazibəsi danılmazdır, lakin bu cazibə insan psixologiyasının sərhədlərini sınayır. “Mükəmməllik təyziqi”nə qarşı ən yaxşı müdafiə mexanizmi şüurlu fərqindəlik və emosional sabitlikdir.
Şahnigar Əhmədova, “İki sahil”