28 oktyabr 2025 00:14
99

Prezident Sərəncamının işığında...

Mirzə Qədim İrəvani dəzgah boyakarlığının banisidir

Azərbaycanın görkəmli boyakar-rəssamı Mirzə Qədim 1825-ci il dekabrın 4-də İrəvanda anadan olub. O, sıradan bir rəssam olmayıb Azərbaycan dəzgah boyakarlığının banisi hesab edilir. Cəmi əlli il ömür sürən novator sənətkar yaratdığı əsərləri ilə təkcə Azərbaycanda deyil, Şərq ölkələrində də tanınıb. İrəvan hakimi Hüseynəli xanın əmri ilə inşa edilən Sərdar sarayı bir neçə dəfə təmir və bərpa olunub. Hüseynəli xandan sonra hakimiyyətə oğlu Məhəmməd xan Qacar gəlib. Onun oğlu Hüseynqulu xan İrəvanın sonuncu hakimi oldu. Hüseynqulu xanın hakimiyyəti illərində İrəvan xanlığı işğalçı Rusiya imperiyasının dağıdıcı yürüşlərinə məruz qaldı.  Hüseynqulu xanın hakimiyyəti dövrü İrəvan xanlığının mədəniyyətinin pik həddə çatdığı dövrdür. İrəvandakı Göy məscid və Sərdərabad mahalındakı eyniadlı qala Hüseynqulu xanın əmri ilə tikilmişdir. 1867-1874-cü illərdə rəssam kimi tanınmış Mirzə Qədim sarayda bərpa işlərinin bir qismini həyata keçirib.

Xatırladaq ki, İrəvan şəhərində anadan olan Mirzə Qədim on beş yaşında Tiflisdəki progimnaziyanı bitirmişdir. Fars, rus və fransız dillərini mükəmməl öyrənən Mirzə Qədim İrəvana qayıtdıqdan sonra ömrünün sonunadək poçtda teleqrafçı vəzifəsində çalışmışdır. Verilən məlumatlara görə, Mirzə Qədimin atası Məhəmməd Hüseyn taxta üzərində oyma və məşhur şəbəkə ustası olmuşdur. Mirzə Qədimdə rəssamlığa meyl hələ Tiflisdə progimnaziyada oxuduğu vaxt yaranmışdı. Əvvəlcə şüşə və parça üzərində şəkillər çəkən Mirzə Qədim sonralar portret və ornamental kompozisiyalar ustası kimi məşhurlaşmışdır. Kollec asessoru, yəni XIX əsrdə əsli-nəsəbi zadəgan zümrəsinə aid olan şəxslərə verilən mülki rütbəyə layiq görülüb. Zəngin bir ziyallı kimi Mirzə Qədim İrəvaninin  Qərbi Avropa, Şərq rus şair və yazıçılarının əsərlərindən ibarət zəngin kitabxanası olub.

İrəvan Xan sarayının Güzgülü zalındakı portretlərin və ornamental kompozisiyaların bərpası vilayət hakimi tərəfindən Mirzə Qədimə həvalə edilmişdi. O, Güzgülü zaldakı divar rəsmlərinin əksəriyyətini bərpa edib. Böyük ehtimalla, 1867–1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim həyata keçirmişdir. Çünki vilayətdə ondan istedadlı rəssam yox idi və dəfələrlə İrəvan xanlarının buyuruqlarını layiqincə yerinə yetirmişdi. Rəssamın yağlı boya ilə çəkdiyi “Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal” portretləri hazırda Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Abbas Mirzə” portreti isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.

İrəvani, əsasən, tikmə üçün olan trafaret rəsmləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanılır. Demək olar ki, İrəvani, bir qayda olaraq, bütün əsərlərini azərbaycan və ya rusca imzalayaraq özünü «Mirzə Qədim İrəvani», ya da bəzən «kollec asessoru» sözlərini əlavə edərək, özünü sadəcə «Qədim bəy» adlandırırdı.

Mirzə Qədim İrəvani «Gənc qadının portreti», «Gənc oğlanın portreti», «Fətəli şahın portreti», «Rəqqasələr», «Molla», (hamısı Azərbaycan Milli İncəsənət Muzeyində), «Mah Tələtin portreti» (Gürcüstan Dövlət İncəsənət Muzeyi), «Quş və çiçəklər» (Sankt-Peterburqdakı Dövlət Ermitajı) saxlanılır. İstedadlı rəssam 1850-ci illərdə, İrəvandakı Sərdar sarayının divarlarında, yağlı boya ilə çəkilmiş dörd böyük (1 m x 2 m) portretin müəllifidir. Ancaq çar Rusiyasının işğalçı qoşunları və onlara yol göstərən erməni casusları ilə uzunmüddətli müharibələrdə rəssamın bir çox əl işləri məhv edilmişdi. Qala divarları top mərmiləri ilə dağıdılandan, Hüseynqulu xan qala divarları üstündə döyüşdə öldürüləndən, qardaşı Həsən xan əsir tutulandan və şəhər süqut edəndən sonra işğalçılar Azərbaycan mədəniyyətinin nümunələrini, məscidləri amansızlıqla dağıdıb məhv etdilər, bəzi sənət əsərlərini isə apardılar. Mirzə Qədimin Sərdar sarayında-xan sarayında apardığı bərpa-bəzək işləri də sıradan çıxarıldı.

O dövrdə Moskvada nəşr olunan “Solntse Rossii” hərbi jurnalının erməni müxbiri Teryan adlı birisi bu yerləri ata-babalarının qədim yurdu kimi qələmə veribmiş. Teryanın həyasızlığı o dərəcəyə çatıbmış ki, jurnalda  "Hüseynəli xan məscidi"nin şəklini Hayastanın "Van məscidi" kimi təbliğ etməklə azərbaycanlıların mədəni-tarıxi abidəsini, dini məbədgahını mənəvi unutqanlığa məhkum etməyə və ya erməniləşdirməyə çalışırmış. Şübhəsiz, sonralar  bu işlər daşnaksütyun partiyasının qəddarlıq və hiyləgərliklə müşayiət olunan planlarının tərkib hissəsinə çevrildi. Halbuki 1760-cı illərdə Azərbaycan ərazisində ermənilər albanlardan qalma beş məliklikdə yaşayırdılar ki, onların sayı cəmi bir neçə yüz nəfər idi. Qarabağda tanınmış Məlik Şahnəzər özünü hay deyil, türk əsilli alban sayırdı. Yəqin Teryan ulu babalarının Azərbaycan torpaqlarına haradan, nə vaxt, necə gəldiklərini, kim olduqlarını belə bilmirdi. Ya da bilib gizlədirdi. Bu, ermənilərə xas olan ən murdar xüsusiyyətdir.

Görkəmli rəssam İrəvani Azərbaycan panel rəssamlığının əsasını qoyub, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklə yadda qalıb. Xalq ehtiramının nümunəsidir ki, Prezident İlham Əliyev bu ilin fevral ayında görkəmli sənətkarın anadan olmasının 200 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Artıq ölkənin hər yerində yubileyin keçirilməsinə hazırlıq işləri görülür.  

Yaxın günlərdə böyük sənətkarın yubiley tədbirlərinə start veriləcək, ölkə ictimaiyyəti rəssamın həyat və sənət yollarını bir daha xatırlayacaqlar.

Vəli İlyasov, “İki sahil”