28 oktyabr 2025 14:37
56

Zəhmətin və halallığın siması...

Azərbaycanın hər bölgəsi kimi Gədəbəy də ilk növbədə torpağa bağlı, təbiətin ritmi ilə yaşayan əhalisi və zəhmətkeş insanları ilə tanınır. Bu  diyarın sakinləri xüsusilə də qadınları digər dağlıq regionlarımıza xas olan sərt və cətin təbiət reallıqları şəraitində yaşasalar da, xarakter etibarilə  bəzi özünəməxsusluqları vardır. 

Onlar Tanrı ruzisinə şükr edən,  torpağın bərəkətinə güvənən, kənd həyatının dirəyi və ailəsinin dayağı olan insanlardır.
Gədəbəyə səfərdən qayıdarkən yolüstü belə qadınlardan biri ilə görüşmək, onun zəhməti, həyatı və düşüncələri ilə yaxından tanış olmaq həm təsirli, həm də qürurverici oldu.

Adətim üzrə səfər etdiyim bölgələrdə imkan olduqca yol kənarında öz həyətində becərdiyi məhsulları satan insanlarla ünsiyyətdə olur, həmçinin bu məhsullardan ev üçün alıram. Bu dəfə də belə oldu. 
Hələ biz Gədəbəy ərazisinə və şəhərin özünə daxil olarkən heç zaman görmədiyim qədər -" əgər belə demək mümkünsə"- kələm plantasiyalarına rast gəldim.Hələ lap uzaqdan baxanda belə zəhmət qoxuyan bu məhsuldar qara torpaq üzərində boz-mavi rəngdə kələm zolaqları göz işlədikcə uzanıb gedirdi.Yanaşı zolaqlarda isə təxminimə görə Gədəbəyin əsas məhsulu-qırmızı kartof sahələri yerləşirdi. Çünki əsasən qadın və qızların işlədiyi bu sahələrin kənarında dolu kisələr bu gümanlarımı təsdiqləyirdi.

Artıq şəhərdən çıxsaq da hələ rayon ərazisində idik.
Bir neçə qeyd etdiyim satış nöqtələrini keçdikdən sonra yol yoldaşlarımızla birlikdə ilk baxışdan ötüb keçilməsini mümkün hesab etmədiyimiz birində dayandıq.
Yol kənarında yalnız  bir topa kələm, çuğundur və kökdən ibarət iki dolu kisə və tərəzi qoyulmuşdu.Bu dəfə də - "kənd məhsullarını onu istehsal edənin özündən almaq lazımdır"- deyə daşlaşmış qənaətimə söykənərək, "gəlin buradan təzə kələm alaq"deyə  onlara -" gedin siz baxın mən sonra yaxınlaşaram "- dedim.
Yaxınlıqda heç kəs gözə dəymədiyindən bir az gözləməli olduq.
Bu zaman yoldan 150-200 metr məsafədən ortayaşlı bir qadının ağır-ağır bizə tərəf gəldiyini görərkən onlara yaxınlaşdım. Telefona gələn zəngi cavablandırmaqla yanaşı, onların arasındakı dialoqu və qadının hərəkətlərini müşahidə edirdim.

İlk baxışdan zahirən mənim uşaqlıqdan tanıdığım, tipik  Qarabağlı   qadınlara bənzəməsi məndə onunla söhbətləşməyə güclü bir istək yaratdı.
Yaxınlıqda yerləşən evinin,darvasası açıq həyətinin səliqə- səhmanına göz gəzdirərkən geniş bir ərazidə artıq bar verən kələm sahəsi diqqətimi çəkdi.O isə  satmaq üçün yaxınlıqda təpələnən kələmləri əvvəlcə səbrlə seçir,  əlindəki iri bıcaqla əzilmiş yarpaqlardan təmizləyir,üzündə kök salmış yumşaq bir təbəssümlə alıcının bütün istəklərini yerinə yetirirdi.

Nə  qədər sadə və səmimi  idisə,bir o qədər də inamlı və qətiyyətli idi. 
Torpaqdan danışarkən gözlərində işıq, səsində güvən duyulurdu:

Həyat yoldaşı ilə birgə illərdir torpaq becərən, hər mövsüm alın təri ilə yetişdirdiyi məhsulu evinin yaxınlığından kecən magistral yolun kənarına  çıxarıb satan bu Azərbaycan qadını mənə həm əzmkarlığın, həm də halallığın canlı nümunəsi kimi böyük təsir bagışladı.

“Biz torpağı sevirik, çünki torpaq bizi yaşadır. Hər zəhmətin bir bəhrəsi var. Yoldaşımla birlikdə işləyirik, halal ruzimizi bu əməklə qazanırıq.”

Bu sözlərdə böyük bir həyat fəlsəfəsi gizlənir deyə düşünürəm... Zəhmətlə qazanılan hər bir ruzi insanın vicdan rahatlığının, ailə səadətinin təməlidir. Onun kimi qadınlar nəinki öz ailəsini, həm də bütöv bir kəndin, cəmiyyətin dəyərlərini yaşadır.

Söhbət zamanı qadın iki övladının sağlamlıq problemlərinin olduğunu da kədərlə dilə gətirdi. Bu barədə danışarkən üzündə həm təəssüf, həm də ana narahatlığı açıq hiss olunurdu. Lakin dərhal ardınca minnətdarlıqla dövlətimizin belə ailələrin yanında olduğunu, problemli məsələlərini diqqətdə saxladığını qeyd edir.
-“Biz tək deyilik, hər zaman “Dövlətimizin qayğısını hiss edirik, bizə göstərilən diqqət üçün də minnətdarıq" - deyir. 
Bu il ailə üzvlərinin hər biri üçün ayrılmış pay torpaqlarında taxıl əkdiklərini və yaxşı məhsul götürdüklərini fəxrlə qeyd edir.Əkin - bicin, mal- heyvan da öz yerində. 
Diqqətimi daha çox çəkən isə üzləşdiyi və gündəlik aşmalı olduğu bütün çətinliklərə baxmayaraq, bu qadını daim ayaqda saxlayan  həyat eşqi, daha çox ailəsi və doğmaları üçün  yaşamaqdan, çalışmaqdan və  mübariz olmaqdan vaz keçməməsi idi...Xüsusilə Gədəbəy kimi füsunkar təbiəti, tarixi ta qədim dövrlərə dayanan mərdlik və qəhrəmanlıq dastanlarına gedib çıxan igidlər yurdunda  yaşamalarından, milli dəyərlərimizə, adət- ənənələrimizə sadiqliklərindən qürur duyduğunu dilə gətirməsi idi.

Bu sözlər bir daha sübut edir ki, dövlətin sosial siyasətinin mərkəzində məhz belə ailələr, belə zəhmətkeş insanlar dayanmalıdır  və dayanır.. 

Öz-özümə isə bir daha vurğulayıram: -"Belə görüşlər bir daha göstərir ki, Azərbaycan qadını sadəcə evin və ailənin qoruyucusu deyil — o, həm də torpağın bərəkətini, kəndin nəfəsini, xalqın ruhunu yaşadan böyük bir qüvvədir."

Cəmiyyətimiz üçün isə bu qadınların həyat hekayələri çox vacib  mesajlar ötürür.
Bu ilk növbədə  zəhmətin  ən böyük dəyər hesab olunmasıdır.
Torpaqla gündəlik ünsiyyətdə olan insanın həyatla barış içində yaşamasıdır.
Digər bir vacib mesaj isə qadın gücünün yalnız ailə üçün deyil, həm də məskunlaşdığı ərazi və daha çox isə ölkənin inkişafında öz sözünü deməsidir.

Bu gün Gədəbəyin soyuq dağ havasında həyatını torpaqla daimi ünsiyyətdə quran bu qadının simasında biz bütöv bir millətin ruhunu, mübarizliyini və vətən sevgisini gördük. O, sahibi olduğu torpaqda yetişdirdiyi məhsulla, sadəliyi və səmimiyyəti ilə yanaşı güclü məntiqi və möhkəm xarakteri ilə bizə bir daha xatırladır ki, belə insanlar Azərbaycanın əsl sərvətidir — torpaq qədər saf və müqəddəs, zəhmət  qədər vacib və dəyərli, həyat qədər əziz insanlar...

Bahar Muradova,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri