30 oktyabr 2025 00:36
83

Ermənistan üçün yeni və qaçılmaz reallıq - Sülh

Paşinyan bunu başa düşür, amma onun qarşısında duran əsas maneə daxildə revanşistlərin  və kilsə qruplarının xaricdə isə erməni diasporunun təzyiqidir

Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşdığı bir dövrdə Ermənistan rəhbərliyinin ritorikasında da fərqli tonlar müşahidə olunmağa başlayıb. Uzun illər ərzində münaqişə ideologiyası və revanşist düşüncələrlə formalaşmış siyasətin yerini tədricən sülh və əməkdaşlıq çağırışları tutur.

Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə parlamentdə 2026-cı il büdcəsinin müzakirəsi zamanı ölkənin qonşu Azərbaycanla münasibətlərinin normallaşması məsələsinə toxunarkən deyib ki, “Sülh” Ermənistan üçün tanış olmayan məfhumdur. O, həmçinin Bakı ilə İrəvan arasında sülhün bərqərar olması üçün səyləri davam etdirməyə çağırıb. “Biz sülhün Ermənistan üçün naməlum məfhum olduğunu qəbul etməliyik. Çünki ölkə müstəqilliyinin ilk günlərindən münaqişə vəziyyətindədir...”, - deyə Nikol Paşinyan bildirib. Bundan əvvəl yəni, bir müddət öncə Ermənistan hökumətinin başçısı məktəblilər və tələbələrlə söhbətində “əsl Ermənistan” ideologiyasını “böyük Ermənistan” ideologiyası ilə müqayisə edib və ölkənin iqtisadi inkişafı naminə xam xəyallardan, başqa sözlə ifadə etməli olsaq ərazi iddialarından imtinanın zəruriliyindən danışıb.

Paşinyanın parlamentdə səsləndirdiyi ""Sülh" Ermənistan üçün tanış olmayan məfhumdur" ifadəsi əslində təkcə bir etiraf deyil, həm də uzun illər yalançı milli mifologiya üzərində qurulmuş siyasətin acı nəticəsinin dilə gətirilməsidir. Bu cümlə Ermənistan cəmiyyətinin tarixi şüurundakı ziddiyyətləri, reallıqla idealizm arasında qopmanı açıq şəkildə üzə çıxarır.

Paşinyan bu fikri səsləndirərkən etiraf edib ki, Ermənistan müstəqilliyini əldə etdikdən bu yana sülh rejimində yaşamağı bacarmayıb. Ölkənin siyasi gündəmini daim münaqişələr, təcavüzkar ritorika və əsassız ərazi iddiaları müəyyən edib. Halbuki, dövlətin müstəqilliyi yalnız formal atributlarla deyil, dinc qonşuluq münasibətləri, iqtisadi inkişaf və regional əməkdaşlıqla möhkəmlənir. Ermənistan isə uzun illər bu prinsiplərin tam əksinə gedərək, qonşularına qarşı düşmənçilik siyasətini dövlət ideologiyasına çevirib.

Paşinyanın “Sülh Ermənistan üçün naməlum məfhumdur” deməsi həm də psixoloji baxımdan mühüm məna daşıyır. Bu, cəmiyyətin illərlə formalaşmış qorxu və təcrid sindromunu təsdiqləyir. Ermənistan hakimiyyətləri, xüsusilə də əvvəlki rejimlər – Koçaryan və Sarkisyan dövrləri – xalqı sülhə deyil, revanşa, barışa deyil, qarşıdurmaya alışdırıblar. Bu səbəbdən bu gün Paşinyan sülh haqqında danışdıqda, onun sözləri hətta öz elektoratı üçün yad səslənir.

“Əsl Ermənistan” ideyası və ya miflərdən reallığa dönüş

Bununla belə, Paşinyanın ritorikasında müşahidə olunan yeni ton, xüsusilə də “əsl Ermənistan” ideyasının “böyük Ermənistan” mifindən üstün tutulması müəyyən qədər reallığın qəbuluna işarə edir. Paşinyan artıq anlayır ki, ölkənin gələcəyi sərhədlərin genişlənməsində deyil, iqtisadi sabitlikdə, investisiya mühitinin güclənməsində və qonşularla əməkdaşlıqda gizlənir. Bu, həm regionun təhlükəsizliyi, həm də Ermənistanın özünün siyasi və iqtisadi gələcəyi baxımından qaçılmaz bir dönüş nöqtəsidir.

Azərbaycanın 2020-ci ildən sonra yaratdığı yeni regional reallıq bu dönüşü daha da zəruri edib. Paşinyanın dediyi “Sülh Ermənistan üçün naməlum məfhumdur” cümləsi əslində həmin yeni reallığın diktəsidir. Azərbaycanla sülh sazişi imzalanmadan, Zəngəzur bölgəsində nəqliyyat-kommunikasiya layihələrində iştirak etmədən və regionun iqtisadi inteqrasiyasına qoşulmadan Ermənistan inkişaf edə bilməz. Paşinyan bunu başa düşür, amma onun qarşısında duran əsas maneə daxildə revanşistlərin  və kilsə qruplarının xaricdə isə erməni diasporunun təzyiqidir

Ona görə də Paşinyanın çıxışındakı “Sülhə doğru səyləri davam etdirməliyik” çağırışı həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə yönəlik mesajdır. O, bir tərəfdən Ermənistan cəmiyyətini sülhə alışdırmağa çalışır, digər tərəfdən Qərbə və beynəlxalq təşkilatlara göstərmək istəyir ki, onun hökuməti regionda sabitliyin bərqərar olmasında maraqlıdır. Lakin reallıqda bu proses təkcə siyasi bəyanatlarla deyil, konkret addımlarla ölçüləcək: sərhədlərin delimitasiyası, sülh sazişinin imzalanması, Azərbaycanın mina xəritələrinin tam təqdim olunması və anti-Azərbaycan təbliğatının dayandırılması.

Ermənistan rəhbərliyinin illərlə “böyük Ermənistan” xülyasına aludə olması bu ölkəni həm iqtisadi, həm də mənəvi baxımdan iflasa sürükləyib. “Əsl Ermənistan” isə yalnız öz torpaqlarında dinc, qonşuları ilə əməkdaşlıq quran, beynəlxalq hüquqa hörmət edən dövlət ola bilər. Paşinyanın son çıxışları, nə qədər ehtiyatlı və ziddiyyətli görünsə də, bu istiqamətdə ilkin bir düşüncə dəyişikliklərinin baş verdiyini göstərir.

Bu gün Ermənistan üçün sülh sadəcə diplomatik sənəd deyil – bu, ölkənin varlığı və gələcəyi üçün yeganə xilas yoludur. Paşinyan sülhü “Sülh Ermənistan üçün naməlum məfhum” naməlum məfhum” adlandırmaqla həm öz xalqının reallıqdan uzaq düşdüyünü etiraf edir, həm də reallaşmaqda olan bir tarixi transformasiyanın zəruriliyini vurğulayır. İndi əsas məsələ onun bu anlayışı konkret siyasi iradəyə çevirməsidir.

Tranzit qərarı: ritorikadan praktik addıma keçid

Paşinyanın parlamentdə səsləndirdiyi digər mühüm fikir isə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlıdır. O, Azərbaycana yük tranzitinə qoyulan məhdudiyyətlərin ləğv edildiyini elan etməklə, ilk dəfə real addım atmağa hazır olduğunu nümayiş etdirməyə çalışdı. Baş nazir bildirdi ki, bu qərar Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan üçün analoji məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına cavab xarakteri daşıyır və qarşılıqlı etimad mühitinin yaradılmasına xidmət etməlidir.

Paşinyanın “Marqara–Yexeqnadzor–Sisian–Gorus marşrutu üzrə Türkiyədən Azərbaycana və əks istiqamətdə yük avtomobillərinin tranzitini təmin etməyə hazırıq” sözləri, əslində, Ermənistanın uzun illərdir qapalı qalmasının nəticələrini anlayan bir hökumətin etirafıdır. Bu bəyanat həm də regionda formalaşan yeni iqtisadi reallığın qəbul edilməsinə doğru atılan addım kimi dəyərləndirilə bilər. Çünki Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin açılması, Cənubi Qafqazda sabitlik və qarşılıqlı iqtisadi asılılıq üçün həlledici amillərdən biridir.

Ermənistan rəhbərliyinin bu məsələdəki son mövqeyi həm iqtisadi, həm də siyasi baxımdan zəruri bir adaptasiya cəhdi kimi görünür. Ölkə bu gün həm iqtisadi təcrid, həm də regiondakı kommunikasiya layihələrindən kənarda qalma təhlükəsi ilə üz-üzədir. Azərbaycan isə artıq regionda nəqliyyat-logistika mərkəzinə çevrilib. Belə şəraitdə Ermənistan üçün bu inteqrasiya prosesindən kənarda qalmaq, faktiki olaraq öz inkişaf potensialını məhdudlaşdırmaq deməkdir.

Paşinyanın bu addımı həm də Gürcüstanda keçirilən V İpək Yolu Beynəlxalq Forumunda səsləndirdiyi çıxışla səsləşir. Həmin Forumda o, ölkələr arasında ikitərəfli tranziti təmin etməyə hazır olduqlarını bəyan etmişdi. Bu, göstərir ki, Ermənistan rəhbərliyi artıq regional nəqliyyat və ticarət əlaqələrinə qatılmağın qaçılmaz olduğunu anlayır. Bununla belə, Paşinyanın qeyd etdiyi kimi, hazırda yalnız Marqara–Yexeqnadzor–Sisian–Gorus marşrutu üzrə tranzitə icazə verilməsi onun hələ də ehtiyatlı və mərhələli siyasət yürütmək niyyətində olduğunu göstərir.

Bu, bir tərəfdən, Ermənistanın kommunikasiyaların açılmasına infrastruktur baxımından hazır olmaması ilə bağlıdırsa, digər tərəfdən, siyasi mühitin tam oturuşmadığının da göstəricisidir. Çünki real sülh və iqtisadi əməkdaşlıq mühiti yalnız siyasi iradə ilə deyil, həm də cəmiyyətin bu dəyişiklikləri qəbul etməyə hazır olması ilə mümkündür. Paşinyan üçün əsas çağırış da məhz budur – illərlə düşmən obrazı kimi təqdim olunan qonşu ilə əməkdaşlığı həm ictimai, həm də siyasi reallığa çevirmək.

Yeni dövrün reallığını qəbul edən Ermənistan

Bütün bunlar bir daha sübut edir ki, Paşinyanın son çıxışları təkcə ritorikada dəyişiklik deyil, həm də zərurətdən doğan strateji transformasiyanın başlanğıcıdır. Ermənistan artıq başa düşür ki, sülh və iqtisadi inteqrasiya olmadan regionda qalıcı sabitlik və inkişaf mümkün deyil. Azərbaycan isə öz tərəfdaşlıq siyasəti ilə bu prosesi reallığa çevirməyə hazır olduğunu dəfələrlə sübut edib.

Əgər Paşinyan dediyi kimi, “Sülh Ermənistan üçün naməlum məfhumdur” o zaman onun bu tranzit addımı həmin anlayışı gerçəkləşdirməyə doğru ilk praktik təcrübə ola bilər. Yalnız belə konkret və qarşılıqlı addımlar regionda inamın bərpasına, kommunikasiyaların tam açılmasına və Cənubi Qafqazın yeni iqtisadi-siyasi nizamına yol aça bilər.

Nigar Orucova, "İki sahil"