Düzgün struktur islahatları, ciddi maliyyə nəzarəti
Naxçıvan Muxtar Respublikasında 3 il bundan öncə – 2022-ci ilin dekabr ayında yeni idarəetmə modeli nümayəndəlik institutunun yaradılması ötən dövrdə əldə olunan mühüm nailiyyətlər və keyfiyyət dəyişiklikləri ilə özünü göstərib. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev Fuad Nəcəflini Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunması ilə bağlı qəbul edən zaman bir sıra vəzifələr qarşıya qoymuşdu: “Səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin”.
Prezidentin tapşırıqlarının icrasına uyğun olaraq son 3 ildə görülən tədbirlər, o cümlədən də səmərəli idarəetmə strukturunun formalaşdırılması, dövlət təşkilatlarının mərkəzləşdirilməsi, maliyyə nəzarətinin gücləndirilməsi, vergi sahəsində islahatlar və ələlxüsus da, azad sahibkarlıq mühitinin yaradılması Naxçıvan Muxtar Respublikasının yerli gəlirlərinin artımını və paralel şəkildə ayrılan dotasiyanın həcminin azalmasını şərtləndirib. Dotasiyanın azaldılması qeyd etdiyimiz kimi, ilk növbədə, yeni idarəetmə strukturuna uyğun Naxçıvanda mövcud olan nazirliklərin, komitə və xidmətlərin baş idarəyə çevrilməsi, eləcə də bir çox təşkilatların maliyyə, təsərrüfat xərclərinin mərkəzdən qarşılanması ilə əlaqədardır. Nümunə üçün Naxçıvan Baş Gömrük İdarəsi, Naxçıvan Regional Miqrasiya Baş İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi və digərlərini qeyd etmək olar.
Naxçıvana ayrılan dotasiyanın həcminin azaldılması məsələsində təşkilatlarda maliyyə siyasətinin düzgün aparılması, ayrılan vəsaitlərdən səmərəli istifadə, izafi xərclərin aradan qaldırılması mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən son 3 ildə dövlət maliyyəsinin idarə olunması, şəffaflığın artırılması və ayrılan vəsaitlərdən səmərəli istifadəyə nəzarətin gücləndirilməsi istiqamətində bir sıra mühüm islahatlar həyata keçirilib. İlk növbədə, büdcə prosesinin səmərəliliyinin artırılması məqsədilə planlaşdırma və icra mexanizmləri təkmilləşdirilib, nəticəyə əsaslanan büdcə prinsipi geniş tətbiq olunmağa başlanılıb. Büdcədən maliyyələşdirilən layihələr üzrə vəsaitlərin bölgüsü sosial-iqtisadi prioritetlərə uyğunlaşdırılıb, xərclərin məqsədyönlülüyünün qiymətləndirilməsi üçün yeni meyarlar müəyyən edilib.
Maliyyə intizamının möhkəmləndirilməsi məqsədilə Maliyyə Nazirliyinin nəzarət mexanizmləri gücləndirilib, maliyyə yoxlamaları üzrə fəaliyyət daha sistemli şəkildə qurulub. Son 3 il ərzində müxtəlif dövlət qurumlarında aparılan yoxlamalar nəticəsində vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət güclənib, yoxlama nəticələrinə uyğun artıq xərclənib və ya dövlət əmlakından düzgün istifadə edilməmiş vəsaitlər barədə məlumatlar tədbir görülməsi üçün aidiyyəti qurumlara təqdim edilib. Bununla yanaşı, maliyyə pozuntularının qarşısının alınması üçün profilaktik tədbirlər görülüb, qurumların məsul şəxslərinin maliyyə savadlılığı artırılıb.
Rəqəmsal texnologiyaların tətbiqi nəticəsində maliyyə əməliyyatları üzrə hesabatlılıq və şəffaflıq daha da yüksəlib. Nazirlik tərəfindən yaradılan elektron məlumat bazası vasitəsilə büdcə xərclərinin icrası real vaxt rejimində izlənilir, bu da nəzarət proseslərini asanlaşdırır və şəffaf qərarvermə mühitini təmin edir. Görülən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasında maliyyə intizamı daha da möhkəmlənib, dövlət vəsaitlərindən səmərəli istifadə səviyyəsi yüksəlib, büdcə prosesinin şəffaflığı və hesabatlılığı təmin olunub. Bu istiqamətdə aparılan islahatlar regionun sosial-iqtisadi inkişafının dayanıqlılığına və maliyyə sisteminin sabitliyinə mühüm töhfə verib. Reallaşdırılan tədbirlər özünü ilbəil dotasiyanın azalmasında göstərib. Nazirlikdən verilən məlumata görə, 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində dotasiyanın ümumi həcmi 425,0 milyon manat idisə, 2023-cü ildə bu həcm 315,0 milyon manat, 2024-cü ildə isə 185,2 milyon manat səviyyəsində olub. Ümumilikdə, 2022-2024-cü illər dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsində dotasiyanın həcmi 239,9 milyon manat və ya 56,4 faiz azalıb. Bu dinamika, sadəcə, riyazi-statistik göstərici deyil, həm də regionun fiskal müstəqilliyinin artdığını, iqtisadi potensialının genişləndiyini və yerli gəlirlərin büdcə sistemindəki rolunun əhəmiyyətli dərəcədə gücləndiyini nümayiş etdirir. Dotasiyanın azalması ilə paralel olaraq, yerli maliyyə mənbələrinin səfərbərliyi, vergi inzibatçılığının təkmilləşdirilməsi və maliyyə idarəçiliyinin səmərəliliyinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər öz real nəticələrini göstərməkdədir. Nəticə etibarilə, 2022-2024-cü illər üzrə müşahidə edilən bu tendensiya Naxçıvan Muxtar Respublikasında büdcə sisteminin daha dayanıqlı, balanslı və institusional baxımdan müstəqil əsaslar üzərində formalaşacağına dair güclü iqtisadi və idarəetmə əsasları yaradır.
2025-ci ilin ilk doqquz ayı üzrə göstəricilər Naxçıvan Muxtar Respublikasının maliyyə müstəqilliyinin güclənməsi baxımından xüsusilə diqqətəlayiqdir. Qeyd edilən dövrdə muxtar respublika büdcəsinin gəlirləri 325 milyon 559 min 140 manat həcmində olub ki, bunun da 205 milyon 559 min 140 manatı və ya 63,1 faizi yerli yığımlar hesabına formalaşıb. Dotasiyanın həcmi isə 120 milyon manat və ya 36,9 faiz təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə (170 milyon 150 min manat) 50 milyon 150 min manat və ya 29,5 faiz azalma deməkdir. Qeyd etdiyimiz kimi, bu azalma tendensiyası, muxtar respublikanın büdcə gəlirlərinin tədricən daxili maliyyə mənbələri hesabına formalaşmağa başladığını göstərir. Başqa sözlə, yerli gəlir bazasının genişlənməsi, vergi və qeyri-vergi daxilolmalarının artması, eləcə də fiskal intizamın gücləndirilməsi Naxçıvanın büdcəsinin getdikcə daha çox öz resursları hesabına təmin olunmasına imkan verir.
Azad sahibkarlıq mühiti yerli gəlirlərin artımında mühüm rol oynayır
Naxçıvana dotasiyanın azaldılması maliyyə nəzarəti tədbirlərinin gücləndirilməsi ilə paralel, irəli sürülən təşəbbüslərin reallaşdırılması və sosial-iqtisadi inkişafa dair qəbul edilən Dövlət Proqramının icrası, azad sahibkarlıq mühitinin formalaşdırılması sayəsində onun yerli gəlirlərinin artırılması ilə də əlaqədardır. Yerli gəlirlərin artırılması məsələsində diqqətçəkən amil muxtar respublikada Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yaradılmasını nəzərdə tutan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq yarımbəndinin vaxtından əvvəl tam icra olunmasını da qeyd etmək olar. Belə ki, reallaşdırılan iqtisadi islahatlar nəticəsində ölkəmizdə formalaşmış modern vergi inzibatçılığının və şəffaflaşma siyasətinin davamı olaraq Naxçıvan Muxtar Respublikasında vergilərin könüllü ödənilməsi sisteminin gücləndirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi və daha əlçatan olması, vergi orqanları ilə vergi ödəyiciləri arasında şəffaf münasibətlərin qurulması məqsədilə Naxçıvan, Şərur, Babək və Ordubad şəhərlərində Vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. 2024-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində, ümumilikdə, 44 min 388 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 59.004 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. 2025-ci ilin yanvar-sentyabr aylarında isə Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 33 min 110 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 44 min 450 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,99 faiz çoxdur.
Ötən dövrdə vergi sahəsində görülən işlərin fonunda dövriyyələrin şəffaflaşdırılması sahəsində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin və könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, vergi inzibatçılığında həyata keçirilən islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri Naxçıvanda vergi daxilolmalarının artımına səbəb olub. 2024-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 226,6 milyon manatdan çox vergi daxil olub ki, bu da 2023-cü ilə nisbətən 37,6 faiz və ya 61,9 milyon manat çoxdur. Ötən il Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 130,2 faiz icra edilib. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 183,3 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 16,3 faiz və ya 25,7 milyon manat çoxdur. Qeyri-dövlət sektorundan daxilolmalar 128,2 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 24,4 milyon manat və ya 23,5 faiz artıb. Ödənilən vergilərin 69,9 faizi qeyri-dövlət sektorunun, 30,1 faizi isə dövlət sektorunun payına düşüb.
Muxtar respublikanın yerli gəlirlərinin artırılmasını şərtləndirən amillərdən biri də, sözsüz ki, azad sahibkarlıq mühitinin formalaşdırılmasıdır. Bu xüsusda son bir neçə ildə turizm və xidmət sektorunda baş verən canlanma proseslərini də qeyd etmək olar. Görülən tədbirlərin nəticəsi olaraq, ötən iki-üç ildə müxtəlifprofilli onlarla yeni istehsal və xidmət sahələri yaradılıb, kafelər, restoranlar fəaliyyətə başlayıb. Əlverişli biznes mühitinin formalaşdırılmasında əsas nüanslardan biri də səmərəli maliyyə dəstəyi, güzəştli kreditləşmənin təminatıdır. Bu xüsusda təkcə bir faktı diqqətə çəkək ki, cari ilin 9 ayında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 114 layihənin maliyyələşdirilməsinə 11,6 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 milyon manat və ya 4,2 dəfə çoxdur. Layihələrin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə artıb. Maliyyələşdirilmiş kreditlər hesabına 298 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda Naxçıvan Muxtar Respublikasında hər bir rayonun əmək və xammal ehtiyatlarından səmərəli istifadə yolu ilə yeni istehsal və xidmət sahələrinin yaradılması davam etdirilir. Dövlət maliyyə dəstəyi və özəl investisiyalar hesabına 2025-ci ilin yanvar-sentyabr ayları ərzində müxtəlif təyinatlı 107 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. Reallaşdırılan layihələr arasında, xüsusilə çörək və un məmulatları, mebel, tikinti materialları, içki və qida məhsulları istehsalı üzrə yeni müəssisələr xüsusi yer tutur. Hazırda muxtar respublika üzrə 90 layihə çərçivəsində işlər davam etdirilir. Onlardan 38-i yeni yaradılan, 52-si isə mövcud fəaliyyətin genişləndirilməsinə yönəlib. Bu ilin 9 ayında 600,4 min manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub. Təqdim edilən təsdiqedici sənədlər əsasında Çin və Türkiyədən müasir texnoloji avadanlıqlar idxal edilib. Bu layihələr hesabına 130 yeni iş yerinin açılacağı nəzərdə tutulur.
Son 3 ildə həyata keçirilən islahatlar sayəsində əldə olunan nəticələr bir daha sübut edir ki, Naxçıvan Muxtar Respublikası ölkəmizin ayrılmaz parçası kimi böyük inkişaf yolunda inamla irəliləyir. Əminliklə demək olar ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması və sosial-iqtisadi inkişafa dair Dövlət Proqramının uğurlu icrası sayəsində muxtar respublika həm mühüm nəqliyyat-logistika imkanları, həm də yüksək iqtisadi göstəriciləri ilə ölkə iqtisadiyyatında geniş paya sahib olacaq.
Nail Əsgərov,
“Şərq qapısı” qəzetinin şöbə müdiri