29 oktyabr 2025 21:14
116

Azərbaycan regionu sülh, əməkdaşlıq və davamlı inkişaf məkanı görmək istəyir

Xəbər verildiyi kimi, Rusiya Federasiyasının Moskva şəhərində Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası keçirilir. Azərbaycan Parlamentini beynəlxalq tədbirdə təmsil edən Milli Məclisin üzvü, deputat Əminə Ağazadə Komitənin bu gün keçirilən iclasında çıxış edib.

“İki sahil” xəbər verir ki, Milli Məclisin üzvü Asiya Parlament Assambleyasının yarandığı vaxtdan bəri dialoq, əməkdaşlıq və qarşılıqlı hörmət ruhunda Asiya ölkələrinin qanunverici orqanlarını birləşdirən unikal bir platformaya çevrildiyini, artmaqda olan qeyri-sabitlik, geosiyasi gərginlik, yeni təhlükəsizlik və humanitar çağırışlarla səciyyələnən müasir dünyada assambleyanın xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsində, insan və mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.

Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan hər zaman mədəni müxtəlifliyi və mədəniyyətlərarası dialoqu cəmiyyətdə sabitlik və həmrəyliyin vacib amili kimi dəyərləndirib. Paytaxtımız Bakı şəhəri tolerantlıq, mədəni irsin qorunması və mədəniyyətlərarası dialoqa həsr edilmiş çoxsaylı beynəlxalq forumlara ev sahibliyi etmişdir. Bütün din və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və etimad şəraitində birgəyaşayışı ölkəmizin çoxmillətli və çoxdinli cəmiyyətinin ictimai-siyasi inkişafında mühüm rol oynamışdır.

Deputat Əminə Ağazadə çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün bərpasından sonra ölkəmizin postmünaqişə dövründə Ermənistanla sülh müqaviləsinin imzalanması yolu ilə münasibətlərin normallaşdırılması mərhələsinə qədəm qoyduğunu xüsusi olaraq qeyd etmişdir. “Ölkə Başçsının rəhbərliyi altında Azərbaycanın azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa tədbirləri həyata keçirilir, məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin edilir. Bu fəaliyyət Cənubi Qafqazı sülh, əməkdaşlıq və davamlı inkişaf məkanına çevirmək mövqeyinə əsaslanır. Azərbaycan əmindir ki, dialoq, qarşılıqlı anlaşma və beynəlxalq hüquqa hörmət davamlı sabitliyin və regional rifahın əsas sütunlarıdır.

Bununla yanaşı, 2021-ci ildə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilmiş Şuşa şəhəri bu gün mədəni dirçəlişimizin rəmzinə çevrilmiş, Azərbaycan mədəniyyətinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edən çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Həmçinin, azad edilmiş digər şəhərimiz – Laçın 2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı elan olunmuşdur. Bu, Azərbaycanın regional mədəni əməkdaşlığa verdiyi töhfənin bariz nümunəsidir. Bu cür təşəbbüslər azad edilmiş torpaqların mədəni dirçəlişinin və zəngin irsimizin qorunması və təbliği istiqamətində ölkəmizin qətiyyətinin göstəricisidir.

Çıxışında Əminə Ağazadə Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş Qadınlar üzrə Komissiyanın yaradılması haqqında qətnamə layihəsinə diqqət çəkərək gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi dayanıqlı inkişafın, sülhün və demokratiyanın ayrılmaz tərkib hissəsi olduğunu, APA-nın Qadınlar üzrə Komissiyasının yaradılmasının bu sahədə təcrübə mübadiləsini, qadınların siyasi və ictimai həyatda fəal iştirakının təşviqini təmin edəcək daimi institusional mexanizm yaradacağına əminliyini ifadə edib.