 
                    XII əsr Azərbaycan yazıçısı, şairi, alimi və pedaqoqu Əbubəkr ibn Xosrov əl-Ustadın dövrümüzədək yalnız “Munisnamə” əsəri gəlib çatıb. Bu kitab bir zamanlar mədrəsələrdə dərslik kimi istifadə olunurdu.
Hər şeydən əvvəl qeyd edək ki, Azərbaycan Atabəylər dövlətinin sarayında xidmət etmiş, böyük Nizami Gəncəvi müasiri və bəzi ehtimallara görə hətta dostu olmuş Əbubəkr ibn Xosrov əl-Ustad haqqında, təəssüf ki, orta əsr mənbələrində və təzkirələrdə heç bir məlumata rast gəlinmir. Onun şəxsiyyəti, dünyagörüşü və ədəbi irsi barədə müəyyən təsəvvürü yazıçının kifayət qədər zəngin yaradıcılığının hələlik əldə olan yeganə nümunəsindən – “Munisnamə”dən almaq olar.
Yazıçı əsərin müqəddiməsində özü barəsində bir qədər məlumat verir, sözün dəyanətindən danışır, şeirin üstünlüyünü vurğulayır, nəsrə keçməsinin səbəbini izah edir. XVI fəsildə isə imamların, filosofların, müxtəlif mütəfəkkirlərin əsərlərindən nümunələr verir, XVII fəsildə 31 maraqlı və ibrətamiz nağıllardan bəhs edir.
“Munisnamə” həcm etibarilə çox iri bir əsərdir. Belə ki, onun əlyazma nüsxəsi 750 səhifəyə yaxındır.
“Munisnamə”nin yeganə əlyazması Azərbaycanda sovet hakimiyyətinin qurulması ərəfəsində - 1920-ci ilin aprelində şairin yaşadığı doğma Naxçıvan diyarından çıxarılaraq İngiltərəyə aparılıb. Əsərin üzərindəki qeyddən aydın olur ki, o, Ter-Avetisyan soyadlı bir nəfər tərəfindən Böyük Britaniya muzeyinə “Min bir gecə” adı ilə satılıb, burada nə az, nə çox, düz 50 il araşdırılmadan toxunulmaz qalıb.
Nəhayət, əlyazma ingilis şərqşünası Q.M.Meredit-Ouensin diqqətini cəlb edib və o, müəyyənləşdirib ki, həmin əlyazma “Min bir gecə” nağılı yox, Atabəylər dövləti dövründə yaşamış Əbubəkr ibn Xosrov əl-Ustad adlı müəllifin qələminə mənsub “Munisnamə”nin unikal nüsxəsidir. Tədqiqatçı əlyazmanın qısa təsvirini hazırlayıb və əsərin müəllifi haqqında onun giriş hissəsindən əldə etdiyi məlumatlarla birgə 1971-ci ildə Edinburqda “İran və islam” məcmuəsində dərc etdirib.
Q.M.Meredit-Ouensin bu məlumatı həmin dövrdə Atabəylər dövlətinin tarixini tədqiq etməklə məşğul olan akademik Ziya Bünyadovun diqqətini çəkib və o, özünün “Azərbaycan Atabəyləri dövləti” adlı monoqrafiyasında Əbubəkr ibn Xosrov əl-Ustaddan bəhs edib.
Sözügedən əsərin foto-surətinin Azərbaycana gətirilməsi üçün mərhum akademik Ziya Bünyadov çox səy göstərib və sonda buna da nail ola bilib. İndi onun təşəbbüsü ilə gətirilən foto-surət Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adma Əlyazmalar İnstitutunda “FS-178” şifrdə yüksək səviyyədə qorunub saxlanılır.
“Munisnamə”nin öyrənilməsi və geniş istifadə dairəsinə çıxarılması sahəsində ən mühüm xidmət professor Rüstəm Əliyevə məxsusdur. O, akademik Ziya Bünyadovun böyük zəhməti hesabına “Munisnamə”nin Bakıya gətirilmiş əlyazmasının mətnini rus dilinə tərcümə etməyə başlayıb və 1991-ci ildə “Yazıçı” nəşriyyatında çap etdirib. Təəssüf ki, həmin tərcümədə “Munisnamə”nin bəzi fəsilləri ixtisar olunmuşdur.
Bu dəyərli əsərin yalnız Naxçıvana aid olan hissələri 2008-ci ildə Hacı Səbuhi İbrahimov tərəfindən Azərbaycan dilinə tərcümə edilərək çap edilib. Tərcüməçi əsərin giriş hissəsini, I və II fəsillərini, eləcə də XVII fəslin Naxçıvanla əlaqəsi olan 26-cı və 29-cu hekayətlərini dilimizə çevirib, kitaba geniş “Ön söz” də yazıb.
2010-cu ildə Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında A.M.Bağırovun tərtibçiliyi ilə “İlahi sözlər. Azərbaycanın folkloru və ədəbi abidələri” adlı iri həcmli kitab işıq üzü göüb və bu kitabda “Munisnamə”yə də geniş yer ayrılıb. Belə ki, “Munisnamə”nin R.Əliyev tərəfindən rus dilinə edilmiş tərcüməsindən böyük bir hissə həmin antologiyaya daxil edilib.
2016-cı ildə AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəna Rzayevanın “Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri” adlı kitabı işıq üzü görüb (Bakı: “Papirus NP”, 2016, 196 səh.). Çox sanballı bir tədqiqat işi olan bu kitabda “Munisnamə” əsərini struktur baxımından iki hissəyə bölən müəllif, bunlardan birincisini, şərti olaraq didaktik, ikincisini isə bədii hissə adlandırıb.
Ümumilikdə əsər 17 fəsildən ibarətdir. Materialların fəsillər üzrə bölüşdürülməsində isə qeyri-bərabərlik müşahidə olunur. Belə ki, didaktik hissəyə daxil olan ilk 16 fəsil əsərin ümumi həcminin altıda birindən də az hissəsini təşkil edir. Bu hissənin özünü də iki qismə ayırmaq olar: 1-7-ci fəsillərə daxil edilmiş material islamdan sonrakı dövrü əhatə edir, 8-16-cı fəsillər isə qədim yunan, İran (pəhləvi) və qismən də hind etik-fəlsəfi fikri ilə əlaqədardır.
Bədii hissəni ehtiva edən 17-ci fəsil isə 31 hekayətdən ibarətdir. Bu hekayətlər də həcmcə bir-birindən fərqlənir və əlyazmada ən kiçik hekayət 2 səhifədən ibarətdirsə, ən böyüyü 86 səhifədir.
Sonralar, daha dəqiq desək, 2021-ci ildə hörmətli müəllif Rəna Rzayeva Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsərini tam şəkildə fars dilindən doğma dilimizə tərcümə edib (Əbubəkr ibn Xosrov əl-Ustad. “Munisnamə”. Bakı, Adiloğlu nəşriyyatı, 2021, 764 səh.). Müəllif həmçinin müqəddimənin, qeydlərin və kitabın sonunda təqdim edilən lüğətin də müəllifidir.
“Munisnamə” əsərində “Əshabi-kəhf” haqqında da olduqca maraqlı məlumatlar vardır. Əsərdə 26-cı nağıl belə adlanır: “Əshabi-kəhf, Dəqyanus və onların başına gələn işlər haqqında hekayət”. Bu hissədə Naxçıvanda məşhur olan “Əshabi-kəhf” (“Mağara sahibləri”) əhvalatı geniş formada nəql olunur. Bu rəvayətin başlanğıcında müəllif qeyd edir: “Əfsanələri qoruyanlar və rəvayətləri yaşadanlar söyləyirlər ki, qədim zamanlarda Kəəb ibn əl Əkbər, Vahab ibn Munabbax, Həsən əl-Bəsri və Abdullah ibn Məsud “mağara sakinləri” haqqında əfsanəni hərə bir cür rəvayət edir. Bizə elə gəlir ki, Kəəb ibn əl-Əkbərin söylədiyi Müqəddəs kitab Qurandakına uyğundur”.
Qeyd edək ki, “Munisnamə” əsərinin girişi və müəyyən fəsillərinin surətləri hazırda AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda da mühafizə edilməkdədir.
Həmin Fondda olaraq surəti mühafizə edilən farsca olan əsərin hissələri ilə tanış olarkən bizə məlum oldu ki, saxlanılan kitabın surətinin vərəqələri tam deyil, 1-dən 20-yə, 558-dən 567-yə, 625-dən 635-ə, 734-dən 740-a qədər daxil ediib.
“Munisnamə” orta əsrlər müsəlman Şərqində ədəbi inkişafın bir sıra məsələlərinə işıq salan abidə kimi olduqca qiymətli və sözün əsl mənasında unikallığı ilə fərqlənən bir əsərdir. Təkcə ədəbi əsər kimi deyil, o, həm də bir mənbə kimi dəyərləndirilməsi zəruri olan, maraqlı hekayələr, nağıllar, rəvayətlər, lətifələr, müdrik kəlamlar və aforizmlər toplusudur.
Yunis Xəlilov,
Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi
 5 İLLİK ZƏFƏR SALNAMƏSİ - MİLLİ QÜDRƏTİN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ, SUVERENLİYİN BƏRPASI
                                
                                    
                                    
                                
                                
                                
                                    5 İLLİK ZƏFƏR SALNAMƏSİ - MİLLİ QÜDRƏTİN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ, SUVERENLİYİN BƏRPASI 
                                 Azərbaycan Ordusu 30 il işğal altında olan ərazilərimizi işğaldan azad edərək böyük Zəfər qazandı
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycan Ordusu 30 il işğal altında olan ərazilərimizi işğaldan azad edərək böyük Zəfər qazandı 
                                 Azərbaycan xalqı 44 gündə tarixi ədaləti bərpa edərək əbədi Zəfər tarixini yazdı
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycan xalqı 44 gündə tarixi ədaləti bərpa edərək əbədi Zəfər tarixini yazdı