03 noyabr 2025 10:16
87

Zəfər Günü təkcə keçmişin şərəfli səhifəsi deyil, həm də gələcəyə inamın təntənəsidir

Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri – 8 Noyabr Zəfər Günü xalqımızın əzmini, birliyini və mübarizə ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu gün təkcə bir qələbənin deyil, əsrlər boyu çəkilən həsrətin sona çatmasının, ədalətin bərpasının, Vətənin bütövlüyünün simvoludur.

2020-ci ilin həmin noyabr günündə Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı. Düşmən üzərində bu möhtəşəm qələbə milli ruhun, igidliyin və birliyin təntənəsi oldu. Şuşanın azad edilməsi ilə həm tarixi, həm mənəvi, həm də milli kimliyimiz öz yerinə qayıtdı.

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyə xalqın qəlbində yaşayan bu amal 8 Noyabrda reallığa çevrildi. Həmin gün göylərdə dalğalanan üçrəngli bayrağımız minlərlə şəhidimizin qanı, minlərlə qəhrəman əsgərimizin şücaəti ilə ucaldı.Bu zəfər bizə birlikdən doğan gücün, inamın və liderin ətrafında sıx birləşməyin necə möcüzələr yaratdığını göstərdi. Hər bir azərbaycanlı bu tarixi günün şahididir və bu qürur nəsildən-nəslə ötürüləcək müqəddəs mirasdır.

 Zəfər Günü bizə həm də borcumuzu xatırladır — bu torpaqları qorumaq, bu qələbəni əbədi yaşatmaq, şəhidlərimizin ruhu qarşısında baş əymək və onların qanı ilə suvarılmış torpaqlarda qurmaq, yaratmaq. Bu gün azad Şuşadan, azad Qarabağdan yüksələn hər bir səs, hər bir uşaq gülüşü, hər bir tikilən bina Zəfərin davamı, Qələbənin möhkəmlənməsi deməkdir.

Bu qələbənin arxasında şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi dayanır. Onlar Vətənin hər qarışını canları bahasına qorudular, azadlıq yolunda ölümün gözünə dik baxdılar. Bu gün onların qəhrəmanlığı uşaq nağıllarında deyil, yaşayan tarixin özündə yazılıb. Hər bir şəhid məzarı bu torpağın müqəddəsliyini, bu xalqın böyüklüyünü sübut edir. Onların ruhu Qarabağ səmasında azadlıq nəğməsi kimi dolaşır, hər səhər dalğalanan bayrağımıza güc verir.

Zəfər Günü təkcə keçmişin şərəfli səhifəsi deyil, həm də gələcəyə inamın təntənəsidir. Bu gün azad edilən torpaqlarda yenidən həyat qaynayır, yenidənqurma və quruculuq işləri xalqımızın gücünü bir daha nümayiş etdirir. Qarabağda səslənən hər bir azan, hər bir uşaq gülüşü, əkilən hər bir ağac bu qələbənin davamıdır. Azərbaycan xalqı artıq tarixini özü yazır  qürurla, ləyaqətlə, azad Vətən torpağında!

8 Noyabr – bu torpağın ruhudur. Bu xalqın fəxri, bu millətin yaddaşıdır.
Qoy üçrəngli bayrağımız hər zaman azad göylərdə dalğalansın!
Qarabağ Azərbaycandır!

Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının əməkdaşı