04 noyabr 2025 20:46
114

Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində

Dövlət Komitəsi bu mövzuda mətbuat konfransı keçirib

Noyabrın 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” mövzusunda mətbuat konfransı keçirib.

Media nümayəndələrini salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova rəhbərlik etdiyi qurumun fəaliyyətində gündəlik olaraq mətbuatla işin əsas prioritet istiqamət olduğunu vurğulayıb.

Bahar Muradova Dövlət Komitəsinin ailə, qadın və uşaq hüquqları sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə fəaliyyəti, son illərdə qəbul edilən mühüm qanunvericilik aktları və dövlət proqramları barədə məlumat verib. Qeyd edib ki, Dövlət Komitəsi öz fəaliyyəti dövründə ailə institutunun inkişafı və möhkəmləndirilməsi, ailələrin təhlükəsizliyi, uşaq hüquqlarının təmin  edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, uşaqların informasiya təhlükəsizliyi və digər sahələr üzrə vacib təkliflərlə çıxış edib. Son illərdə bu sahələr üzrə 7 qanuna dəyişiklik edilib, 11 Qayda və Əsasnamə, 3 Dövlət Proqramı qəbul olunub. Qəbul edilmiş hüquqi sənədlərin ailə institutunun möhkəmlənməsinə, qadın və uşaqların hüquqlarının qorunmasına, cəmiyyətdə hüquq şüurunun artmasına mühüm töhfə verdiyini bildirən sədr əlavə edib ki, bu sənədlər  cəmiyyətin hüquqi biliklərinin inkişafına, uzun illər formalaşmış, ayrı-seçkiliyə səbəb olan steriotiplərin əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxarıb.

Bahar Muradova bildirib ki, ölkəmizdə sosial siyasətin əsas və mühüm istiqamətlərindən biri, ilk növbədə, ailənin rifahının təmin olunmasıdır. Çünki ailə cəmiyyətin əsasıdır, burada fərdlər, şəxsiyyətlər yetişir, onlar sabahın müstəqil vətəndaşları olmalıdır: “Azərbaycan ailəsi milli kimliyini qorumalıdır, eyni zamanda, müasir çağırışlara uyğun da yenilənməlidir”.

Uşaq siyasəti sahəsində hüquqi islahatlardan danışan sədr dövlət uşaq siyasətinin gücləndirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və onun  2020–2025-ci illər üçün Fəaliyyət Planının təsdiq edildiyini diqqətə çatdırıb. Bildirib ki, Strategiyanın icrası ilə bağlı uşaq hüquqlarını müdafiə edən orqanların fəaliyyətində də müvafiq dəyişiklik edilib. Sədr, həmçinin uşaqların zərərli informasiyadan qorunması sahəsində hüquqi islahatlar barədə media nümayəndələrinə ətraflı məlumat verib.

Bahar Muradova “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasına 19 dövlət qurumunun cəlb olunduğunu və ümumilikdə yeddi istiqamət üzrə 32 tədbirin keçirildiyini bildirib. O, yeddi əsas istiqamət üzrə görülən işlər nəticəsində 6 qanuna və 5 fərmana dəyişiklik edildiyini və bu prosesdə Komitənin mühüm rol oynadığını qeyd edib. Diqqətə çatdırılıb ki,  qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində mühüm yeniliklər əldə olunub — “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun əhatə dairəsi genişləndirilib, “yaxın qohumlar” anlayışı isə daha dəqiq müəyyən edilib.

Komitə sədri yetkinlik yaşına çatmayanların evliliyinin və bu məqsədlə keçirilən mərasimlərin qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişikliklər edildiyini,  belə hallara görə inzibati və cinayət məsuliyyəti müəyyən olunduğunu vurğulayıb. Eyni zamanda, qohum nikahlarının qarşısının alınması məqsədilə Ailə Məcəlləsinə edilən dəyişiklikdən söz açaraq bildirib ki, bu sağlam ailə institutunun formalaşmasına və gələcək nəsillərin rifahının qorunmasına xidmət edir.

Daha sonra B.Muradova erkən nikah və məişət zorakılığı hallarının qarşısının alınması, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) çərçivəsində gələcək fəaliyyət, qarşıdakı dövrdə qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində qəbul ediləcək sənədlər, qızların təhsili ilə bağlı layihələr, gender bərabərliyi, qanunvericiliyə edilmiş son dəyişiklər və digər aktual mövzular üzrə media nümayəndələri tərəfindən ünvanlanan sualları cavablandırıb.

Yaqut Ağaşahqızı, “İki sahil”