16 noyabr 2016 17:21
1091

Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyi qeyd olunub

Muxtar respublikanın Ordubad şəhərindəki mədəniyyət evində Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il oktyabrın 21-də “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzaladığını bildirib.

Elşad Məmmədov deyib ki, sərəncama əsasən, “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Bu gün keçirilən konfrans da həmin planda nəzərdə tutulmuş tədbirlərin davamıdır. Bu sərəncam mədəniyyət və incəsənətimizə diqqət və qayğının ifadəsidir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri uşaqların, yeniyetmələrin, gənclərin təhsilinə, tərbiyəsinə, geniş dünyagörüşə malik olmalarına, əsl vətəndaş kimi yetişmələrinə xüsusi qayğı göstərir.

Konfransda Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova “Muxtar respublikanın uşaq musiqi məktəblərinə göstərilən dövlət qayğısı” mövzusunda çıxış edib. Bildirilib ki, əsrin əvvəllərində görkəmli musiqişünas Zülfüqar Hacıbəylinin Naxçıvanda yaşaması, sonralar isə Üzeyir Hacıbəylinin 1937-ci ildə Naxçıvandan SSRİ Ali Sovetinə deputat seçilməsi qədim diyarımızda musiqiyə marağın artmasında mühüm rol oynayıb. 1937-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Naxçıvanda ilk uşaq musiqi məktəbi açılıb. Bu uşaq musiqi məktəbinə Ordubad rayonundan da 10 şagird cəlb edilib.

Qeyd edilib ki, hazırda muxtar respublikada 27 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Son illərdə 23 uşaq musiqi məktəbi üçün yeni binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, həmçinin yeni uşaq musiqi məktəblərinin yaradılması işi davam etdirilib. Musiqi məktəblərində təhsilin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar mövcuddur. Bunu Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin timsalında da aydın görmək mümkündür. Bu təhsil ocağı 1965-ci ildə filial kimi yaradılıb. Bir il sonra fəaliyyətini müstəqil musiqi məktəbi kimi davam etdirməyə başlayıb. Yarandığı dövrdə məktəbdə 3 ixtisas (tar, fortepiano, klarnet) açılmışdısa, bu gün məktəb 9 ixtisas (əlavə olaraq kamança, qarmon, vokal, nağara, skripka və sair) üzrə fəaliyyət göstərir. 60 şagirdlə fəaliyyətə başlayan məktəbdə hazırda 300-dən çox şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 70 müəllim məşğul olur.

“Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində çalışan müəllim və peşəkar musiqiçilərimizin əməyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, səmərəli fəaliyyətlərinə görə onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdünə və mükafatlara layiq görülürlər”, – deyən nazir çıxışını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin yeni binasının açılış mərasimində dediyi sözlərlə bitirib: “Dövlətin qarşısında duran vəzifə musiqi məktəblərini inşa edib müəllim və şagirdlərin istifadəsinə verməkdən ibarətdirsə, məktəbin müəllimlərinin qarşısında duran vəzifə isə burada musiqi təhsili alan gənclərimizə lazımi səviyyədə musiqi təhsilinin öyrədilməsi, Azərbaycan milli musiqisinin təbliğ olunması, qorunması və gələcək nəsillərə ötürülməsidir”.

Konfransda Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi, məktəbin məzunu Yaşar Xəlilov “Naxçıvan musiqi mədəniyyətində Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin yeri”, həmin məktəbin direktoru Azər Məmmədov “Ordubad Şəhər Uşaq Musiqi Məktəbi dünən və bu gün” mövzularında çıxış ediblər. Çıxışlarda bildirilib ki, 50 yaşlı bu təhsil ocağı hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, gənc nəslin estetik təlim-tərbiyəsi işinin tələb edilən səviyyədə aparılması üçün bütün imkanlar yaradılıb. 1965-ci ildən bu günə qədər Ordubad Şəhər Uşaq Musiqi Məktəbini 1593 məzun bitirib. Onlardan 256 nəfəri musiqi sahəsi üzrə təhsilini davam etdirib.

Konfransın bədii hissəsində Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri orkestrinin, skripkaçalanlar və estrada ansambllarının, xor kollektivinin və məktəbin şagirdlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.