06 noyabr 2025 15:27
95

Bakıda 71 nömrəli marşrut üzrə avtobuslar yenilənib

Bakıda 71 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir.

Məlumata görə, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Xaliq Faiqoğlu" MMC avtobuslarla xəttin istismarını noyabrın 7-dən həyata keçirəcək.

Metronun "Azadlıq prospekti" stansiyasını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrut üzrə "Golden Dragon" markalı müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət göstərəcək.

Marşrut üzrə ümumilikdə 10 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 manat müəyyən edilib.