İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə 2026-cı ilə dair indikativ planlaşmanın aparılması məqsədilə icraçı qurumlarla görüşlər başa çatdırılıb.
“İki sahil” xəbər verir ki, 13 oktyabr-7 noyabr tarixlərində baş tutumuş indikativ planlama görüşləri çərçivəsində Dövlət Proqramı üzrə əsas icraçı qismində müəyyən edilmiş 42 dövlət qurumu ilə müvafiq görüşlər keçirilib, qarşıda duran vəzifələr və görüləcək işlərə dair müzakirələr aparılıb və aidiyyəti tədbirlərin icra vəziyyəti nəzərdən keçirilib.
Görüşlərdə İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərbaycan Dəmir Yolları" QSC, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Gənclər Fondu, Minatəmizləmə Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Təmiz Şəhər” ASC, Dövlət Neft Şirkəti, İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “AzərGold” QSC, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması, ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası, ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi istiqamətində yekun nəticə indikatorlarına dair hədəflərin verilməsi və onların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.