SOCAR-ın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” və 12 noyabr - Konstitusiya Günü münasibətilə keçirilən “Neftin suverenlik yolunda rolu” adlı rəsm müsabiqəsinə yekun vurulub.
“İki sahil” SOCAR-a istinadla xəbər verir ki, gənclər arasında Konstitusiya, suverenlik anlayışlarının, dövlətçilik və müstəqillik dəyərlərinin bədii ifadə vasitəsilə təşviq olunması, eləcə də yaradıcı gənclərin inkişafına dəstək məqsədi daşıyan müsabiqəyə ümumilikdə 70-ə yaxın rəsm təqdim olunub.
Cari ilin sentyabr və oktyabr aylarında təşkil edilən ilkin mərhələdə seçilən 22 ən yaxşı rəsm SOCAR-ın Baş ofisində keçirilən sərgidə nümayiş olunub. Tədbirdə SOCAR nümayəndələri, münsiflər heyəti və rəsmlərin müəllifləri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlkin olaraq müəlliflər rəsmləri ilə bağlı təqdimatlar ediblər.
Rəsmlər Əməkdar artist Bəhram Bağırzadə, SOCAR-ın Sosial məsuliyyət Departamentinin rəis müavini Mirsahib Musayev, İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin Səriştəliliklərin qiymətləndirilməsi və insan resursları əməliyyatlarının koordinasiyası şöbəsinin rəisi Asim Əliyev və Bakı Ali Neft Məktəbinin Tədbirlərin və sərgilərin təşkili şöbəsinin tərtibatçı dizayneri Tahir Əfəndiyevdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə əsasən, I yerin qalibi Aydan Qurbanova olub, II yerə Onur Aşurlu, III yerə isə Gülnisə Novruzova layiq görülüb.
İştirakçılara və qaliblərə sertifikatlar, eləcə də hədiyyələr təqdim olunub.
Sonda xatirə fotosu çəkdirilib.
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb - FOTO
Qeyri-neft ixracında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderliyini qoruyur
Bakı Ali Neft Məktəbi 2025-ci ildə mühüm nailiyyətlər əldə etdi - Elmar Qasımov