14 noyabr 2025 15:57
87

BTC ilə tranzit neftinin nəqli 24%-dən çox azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 30 580,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,8% azdır.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, nəqletmənin 74,4%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 22 760,8 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 5,9% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 85,1%-i və ya 19 369,1 min tonunu Azərbaycanda hasil edilən neft (1,7% azalma), 14,9%-i və ya 3 391,7 min tonunu (24,2% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.