Azərbaycan-Özbəkistan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrdə Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə xüsusi diqqət çəkir. Müsahibə iki dövlət arasında tarixi dostluğun, strateji tərəfdaşlığın və çoxşaxəli əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Dövlət başçısı regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri, eləcə də türk dünyası çərçivəsində birliyin gücləndirilməsi kimi mühüm istiqamətlərə dair əhatəli fikirlər səsləndirərək həm ikitərəfli əlaqələrin gələcək perspektivlərini, həm də regional inkişafın əsas prioritetlərini diqqətə çatdırıb.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər yalnız diplomatik çərçivə ilə məhdudlaşmır. Bu bağların əsasında ortaq tarix, mədəniyyət, dil birliyi, türk kimliyi və qardaşlıq duyğuları dayanır. Prezident İlham Əliyevin sözləri ilə desək, iki ölkəni birləşdirən münasibətlər “qarşılıqlı etimada, mənəvi yaxınlığa və sarsılmaz dostluğa əsaslanan model”dir. Son illərdə bu əlaqələr təkcə siyasi platformalarda deyil, iqtisadi, mədəni və humanitar sahələrdə də yeni keyfiyyət mərhələsinə yüksələrək misilsiz dərinlik və dinamizm qazanıb. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin vahid tarixi, mədəni və geosiyasi məkanın tərkib hissəsi olduğunu xüsusi vurğulayır. Prezident bildirir ki, bu dövlətləri birləşdirən amillər təkcə coğrafiyanın sərhədləri ilə məhdudlaşmır. Onları ortaq tarixi-mədəni bağlar, dini və mənəvi dəyərlər, adət-ənənələr və ümumi türk kimliyi bir araya gətirir. Məhz bu zəmin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dərinləşən inteqrasiyanın əsas sütununu təşkil edir. Ölkələrimiz arasında formalaşmış müttəfiqlik münasibətləri qarşılıqlı əməkdaşlığın gələcək inkişafını təmin edən möhkəm strateji baza rolunu oynayır. Bu gün həmin baza artıq real layihələrlə, praqmatik əməkdaşlıq mexanizmləri ilə və qarşılıqlı etimadı daha da gücləndirən konkret məzmunla zənginləşdirilir.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan-Özbəkistan münasibətləri son illərdə həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə yüksək inkişaf templəri ilə seçilir. İki ölkə arasında formalaşan qarşılıqlı etimad, strateji yaxınlıq və qardaşlıq ənənələri bu əlaqələri bölgədə nümunəvi tərəfdaşlıq modelinə çevirib. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər də bu münasibətlərin mahiyyətini, dinamikasını və gələcək istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir: “Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim. Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Qeyd etdiyiniz kimi, son bir il yarım ərzində beş belə səfər olub. Bütün bunlar münasibətlərimizin yüksək dinamikasını əyani şəkildə göstərir.”
K.Bayramov vurğulayıb ki, iki qardaş ölkə arasında münasibətlərin dinamik inkişafı təkcə siyasi və humanitar sahələrlə məhdudlaşmır, həm də iqtisadi müstəvidə özünün real nəticələri ilə seçilir. Bu gün Azərbaycan və Özbəkistan arasında qurulan qarşılıqlı etimada əsaslanan əməkdaşlıq praktiki göstəricilərdə ifadəsini tapır və tərəfdaşlığın strateji xarakter daşıdığını bir daha sübut edir. Müsahibədə səslənən faktlar da göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq ənənəvi ticarət əlaqələrini aşaraq, qarşılıqlı investisiyalar və yeni iqtisadi layihələr müstəvisində daha geniş miqyas alır: “Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Azərbaycanla Özbəkistan arasında ticarət yüksək sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Sərmayələr sahəsində əməkdaşlıq da möhkəmlənməyə davam edir. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb.”
K.Bayramov əlavə edib ki, Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı yeni bir strateji mərhələyə daxil olub. Artan ticarət dövriyyəsi, iri həcmli birgə investisiya platformasının formalaşdırılması və əməkdaşlığın sahəvi genişlənməsi göstərir ki, iki ölkə qarşılıqlı etimad və real iqtisadi maraqlar üzərində qurulan möhkəm model yarada bilib. Bu dinamika təkcə bugünkü göstəricilərlə məhdudlaşmır, həm də gələcək birgə layihələr və uzunmüddətli inkişaf üçün etibarlı zəmin formalaşdırır.
Daşkənddə keçirilən beynəlxalq konqresin iştirakçıları yekun bəyannamə qəbul ediblər
“Sabah” qəzeti: Ankara, Bakı və İslamabad əməkdaşlığı – Türk-İslam dünyasının yeni geosiyasi həmrəylik oxu