Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Güləş Federasiyası ilə birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq “Milli Dirçəliş Günü” münasibətilə qadın güləşi üzrə U-15, U-17 (2011-2013) yaş qruplarında Astara rayon açıq birinciliyi keçirilib.
Yarışda qadın güləşi üzrə 12 şəhər və rayonu, idman təşkilatlarını, cəmiyyətləri və klubları, müəssisələri təmsil edən 12 komandanın – Astara, Masallı, Gəncə, Qazax, ROİL (Bakı), Sabirabad, AHİTA (Abşeron), Arena (Bakı), Gimnaziya (Bakı), AGF (Bakı), Neftçi (Bakı), UGİM-5, TM (Bakı) 42 idmançısı fəxri yerlər uğrunda mübarizədə öz gücünü sınayıblar.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, dəfələrlə Olimpiya Oyunlarının, Dünya və Avropa çempionatlarının mükafatçısı Mariya Stadnik, yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Eldar Məmmədov, yeniyetmələrdən ibarət milli yığma komandanın məşqçisi Vahid Məmmədov, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, Azərbaycan Güləş Federasiyasının 4 saylı nümayəndəliyinin sərbəst güləş və yunan-Roma güləşi üzrə baş məşqçisi İlham Məmmədov, yarışların hakimləri-beynəlxalq dərəcəli hakimlər Zaur Şərifov, Sevinc Yusubova, Elxan Həmidzadə, milli dərəcəli hakimlər Tural Cavadov, Samir Hacıyev respublika dərəcəli hakimlər Samir Hacıyev, Anar Nuriyev, Amil Əhmədov, Məhərrəm Qədirov və digər məşhur idmançılar, məşqçilər və nümayəndələr iştirak ediblər.
İki gün(15-16 noyabr) çəkən yarışda tatami üzərində rəqibini məğlub edən, müxtəlif çəki dərəcələrində I, II və III yerləri tutan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları, Astara Olimpiya İdman Kompleksinin medalları və hədiyyələri ilə təltif olunublar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü