21 noyabr 2025 01:25
242

Həmyaşıd zorakılığı: Uşaqların görünməz mübarizəsi

Son zamanlar müxtəlif mühitlərdə uşaqlar arasında həmyaşıd zorakılığı hallarının artması cəmiyyətdə ciddi narahatlıq yaradıb.  Hadisələrin böyük qismi artıq təkcə təhsil müəssisələri ilə məhdudlaşmır. Zorakılıq parklar, yaşayış yerləri, idman meydançaları və digər sosial mühitlərdə, hətta onlayn platformalarda daha açıq şəkildə özünü göstərir. 

Həmyaşıd zorakılığı bir uşağın və ya gəncin müxtəlif yollarla özü yaşda olan başqa bir uşağa sistematik şəkildə zərər vurmasıdır. Yaşıdları tərəfindən güc balansının pozulmasını ehtiva edən və təkrarlana bilən aqressiv davranışlara məruz qalan uşaqlar fiziki və psixoloji çətinliklərlə üzləşirlər. Müşahidələr göstərir ki, uşaqların gündəlik ən çox kollektiv şəkildə sosiallaşdığı yer məktəb mühiti olduğundan həmyaşıd zorakılığına təhsil müəssisələrində daha çox məruz qalırlar. Şagirdlər arasında fiziki qarşıdurmalarla yanaşı, psixoloji təzyiq, qrup halında təcridetmə və sosial mediada alçaldıcı davranış formaları daha geniş yayılmağa başlayıb. Buna baxmayaraq, bir çox hallarda zorakılıq uzun müddət gizli qalır, çünki uşaqlar baş verənləri müəllimlər və valideynlərlə bölüşməkdən çəkinirlər. Həmyaşıd zorakılığının artmasının səbəbləri arasında uşaqların asudə vaxtını nəzarətsiz keçirməsi, sosial mediada uyğunsuz davranışlara asan çıxış, məhəllə daxilində böyük yaş fərqi olan qruplaşmalar və ailə nəzarətinin zəifləməsi kimi amillər ön plana çıxır. Onu da qeyd etmək lazımdır ki, həmyaşıd zorakılığının artması şagirdlərdə dərsə marağın azalmasına, özünəinamın zəifləməsinə və təcrid hallarının çoxalmasına səbəb olur. Bu isə məktəb mühitində təhlükəsiz psixoloji atmosferin qorunmasını zəruri edir. 

Rəqəmsal zorakılıq 

Günümüzdə azyaşlı uşaqların hələ bu bacarıqlara sahib olmamalarına baxmayaraq, ekranda çox vaxt keçirmələri onların onlayn mühitə asanlıqla öyrəşmələrinə və onlayn platformaları idarə etmələrinə səbəb olub. Kibermühitin sərhədsizliyini nəzərə aldıqda, azyaşlıların internetə çıxışının bu qədər asan və nəzarətsiz şəkildə olması təhlükəlidir deyə bilərik. Qeyd edək ki, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə zorakılıq artıq yalnız fiziki mühitlə məhdudlaşmır. Rəqəmsal zorakılıq çağımızın ən geniş yayılmış probemləri arasında yer alır. Son dövrlər uşaqlar və gənclər arasında kiberzorakılıq adlanan davranış forması daha geniş yayılmağa başlayıb. Bu zorakılıq internet, mobil telefonlar, sosial şəbəkələr və oyun platformaları vasitəsilə edilən psixoloji təzyiq, təhdid, alçaldıcı yazılar və ya görüntülərlə özünü göstərir. 

Rəqəmsal mühitdə zorakılıq real həyatda olduğu kimi ciddi və təhlükəli problemdir. Bunun qarşısını almaq üçün uşaqların rəqəmsal savadlılığının artırılması, valideynlərin aktiv iştirakı və cəmiyyətin məsuliyyətli yanaşması mühüm rol oynayır. Zorakılığın onlayn formada yayılması yeni çağırışlar yaratsa da, düzgün yanaşma ilə bu risklər minimuma endirilə bilər.

Uşaqların zorakılığa məruz qaldığını hansı hallarla müşahidə etmək mümkündür?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında qeyd etdi ki, uşaqların zorakılığa məruz qaldığını hər zaman birbaşa müşahidə etmək mümkün olmasa da, müəyyən davranış və psixoloji dəyişikliklər bu hallar üçün ciddi siqnallar verir: “Uşağın qəfil aqressivləşməsi, özünəqapanma, əsəbilik, yuxu və iştah pozuntuları, səbəbi izah olunmayan qorxu və narahatlıq hissləri, habelə fiziki zədələr – göyərmələr, cızıq və yanıq izləri diqqət tələb edən göstəricilərdir. Məktəbdə dərs nəticələrinin qəfil zəifləməsi, davamiyyətin azalması və sinif yoldaşları ilə ünsiyyətdən çəkinmə də zorakılıq riskinə işarə edən vacib əlamətlərdəndir.

Komitənin müşahidə və təhlilləri göstərir ki, son illərdə zorakılığın formaları dəyişərək daha çox psixoloji və kiberməkanda özünü göstərir. Uşaqlar arasında onlayn təzyiq, təhqir və hədələmə hallarının artdığı, məktəb daxilində aqressiv davranışların daha erkən yaşlarda üzə çıxdığı qeydə alınır. Müraciətlərin mühüm bir qismi ailədaxili emosional zorakılıq, valideyn nəzarətinin düzgün tətbiq edilməməsi və həddindən artıq sərt davranışla bağlıdır. Valideynlərdən və müəllimlərdən daxil olan məlumatların sayının artması isə cəmiyyətdə bu mövzuya həssaslığın artdığını göstərir.”

Hansı tədbirlər görülür?

Teymur Mərdanoğlunun sözlərinə görə, təmsil etdiyi Komitə zorakılığın qarşısının alınması istiqamətində bir sıra layihə və proqramlar həyata keçirir: “Məktəblərdə, icmalarda və valideynlər arasında uşaq hüquqları, təhlükəsiz davranış, internet riskləri və kibertəhlükəsizlik mövzularında maarifləndirici tədbirlər mütəmadi şəkildə təşkil olunur. “Uşaqlara qarşı zorakılığa yox!” təşəbbüsü çərçivəsində regionlarda təlimlər, psixoloji dəstək sessiyaları və uşaqlar üçün riskdən qorunma bacarıqları üzrə seminarlar təşkil olunur.

Bununla yanaşı, məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, zorakılıq risklərinin erkən identifikasiyası üçün metodikaların tətbiqi, valideynlərlə müasir və sağlam ünsiyyət modelləri üzrə iş genişləndirilib. Uşaqların onlayn təhlükəsizliyi üzrə metodik vəsaitlər, valideyn və müəllimlər üçün təlim materialları hazırlanır. Əhəmiyyətli istiqamətlərdən biri də 116111 – Uşaq Qaynar Xətti xidmətidir. Bu xətt vasitəsilə uşaqlar, eləcə də valideynlər və mütəxəssislər zorakılıq, laqeydlik, psixoloji gərginlik və təhlükə halları barədə günün istənilən saatında müraciət edə bilərlər. Müraciətlər operativ şəkildə qəbul edilir, psixoloq və hüquqşünaslar tərəfindən ilkin dəstək göstərilir, zəruri hallarda aidiyyəti qurumlara yönləndirilir.

Komitənin əsas məqsədi hər bir uşağın təhlükəsiz, zorakılığın olmadığı və sağlam mühitdə böyüməsini təmin etməkdir. Bu istiqamətdə aparılan maarifləndirmə, psixoloji dəstək, hüquqi müdafiə və monitorinq tədbirləri davamlı xarakter daşıyır və qarşıdakı dövrdə daha da gücləndiriləcək.”

Uşaqlar arasında zorakılığın yaranmasının əsas səbəbləri hansılardır?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov “İki sahil”ə açıqlamasında bildirdi ki, uşaqlar arasında zorakılığın yaranması çoxfaktorlu bir prosesdir və burada həm ailə mühiti, həm emosional tənzimləmə bacarıqları, həm də sosial təsirlər mühüm rol oynayır: “Əvvəlcə qeyd etmək lazımdır ki, uşaq aqressiyanı sonradan öyrənir. Əgər ailə daxilində yüksək səslə mübahisələr, fiziki cəzalandırma və ya aqressiv davranış modelləri müşahidə olunursa, uşaq bunu münasibət forması kimi qəbul edir və cəmiyyətə daşıyır. Bundan əlavə, emosiyalarını tənzimləməkdə çətinlik çəkən, qəzəbini və narahatlığını sözlə ifadə edə bilməyən uşaqlar zorakı davranışlara daha meyilli olur. Bu gün rəqəmsal kontentin təsiri xüsusi vurğulanmalıdır. Sosial mediada zorakılığın normallaşdırıldığı videolar, aqressiv oyunlar və rəqəmsal zorbalıq nümunələri uşağın davranış şablonunu formalaşdırır və zorakılığa münasibətini dəyişir. Bütün bunların fonunda sosial qrup təzyiqi, məktəbdə status mübarizəsi və uşağın psixoloji ehtiyaclarının, sevgi, diqqət və qəbul edilmə hissinin ödənilməməsi də zorakılığın yaranmasını sürətləndirir.”

Hansı davranış modeli uşağın zorakılığa meyilli olduğunu göstərir?

Elnur Rüstəmovun sözlərinə görə, uşağın zorakılığa meyilli olub-olmadığını müəyyən etmək üçün onun davranış modelinə diqqət yetirmək kifayətdir: “Tez-tez qəzəblənən, özünü idarə etməkdə çətinlik çəkən, əşyaları qıraraq reaksiya verən, yaşıdlarını qorxutmağa çalışan və empati göstərməyən uşaqlar risk qrupuna daxildir. Həmçinin qadağalara qarşı kəskin, aqressiv reaksiya vermək, özündən zəif olanlara hökm etməyə çalışmaq, sosial vəziyyətləri “hücum və müdafiə” prizmasından dəyərləndirmək kimi davranışlar da zorakı meylin göstəricisidir. Bəzi hallarda uşaq hətta heyvanlara qarşı aqressiya göstərməklə daxili gərginliyini boşaltmağa çalışır ki, bu da ciddi siqnaldır.”

Zorakılığa məruz qalan uşaqda hansı psixoloji əlamətlər baş qaldırır?

Psixoloq qeyd etdi ki, zorakılığa məruz qalan uşaqların psixoloji vəziyyətində də bir sıra dəyişikliklər müşahidə edilir: “Belə uşaqlarda tez-tez qorxu, narahatlıq, özünə güvənsizlik və kədər hissi ortaya çıxır. Onlar sosial münasibətlərdən qaçmağa, özünə qapanmağa başlayır, məktəbə getmək istəmirlər və müxtəlif psixosomatik şikayətlər – qarın və baş ağrıları – adi hala çevrilir. Yuxu pozuntuları, kabuslar, məktəb nəticələrinin enməsi və davranışda kəskin dəyişikliklər də qoruyucu siqnallardır. Bəzi uşaqlar aqressiyaya məruz qaldıqdan sonra passivləşir, digərləri isə tam əksinə özləri də aqressiv olmağa başlayır.”

Valideynlərin və ailənin rolu

Həmsöhbətimiz valideynlərin uşaqlar arasında zorakılığın qarşısını almaqda mühüm rol oynadığını vurğuladı: “Ən təsirli müdaxilə ailə daxilində sağlam ünsiyyət modelinin formalaşdırılmasıdır. Uşağın qarşısında səsin qaldırılmadığı, dialoqun əsas olduğu mühit onun davranışına birbaşa təsir edir. Uşağın emosional savadının artırılması qəzəbi necə idarə etməyi, hisslərini necə ifadə etməyi öyrətmək zorakılığın qarşısında ən güclü psixoloji sipərlərdən biridir. Valideynlərin sosial media və oyunlara nəzarəti də olduqca vacibdir, çünki aqressiv kontent uşağın davranışlarını formalaşdırır. Hər gün uşaqla sakit, diqqətli ünsiyyət qurmaq, onun gün ərzində yaşadıqlarını dinləmək, məktəblə sıx əməkdaşlıq etmək və əlamətlər davam edərsə psixoloqa müraciət etmək vacibdir. Empatiyanı inkişaf etdirən hekayələr, oyunlar və gündəlik nümunələr də uşağın zorakılıqdan uzaq durmasına yardım edir.

Ümumilikdə, zorakılıqla mübarizə yalnız cəza və ya qadağalarla deyil, uşağın psixoloji rifahının gücləndirilməsi ilə mümkündür. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz bu istiqamətdə həm tədqiqatlar aparırıq, həm də valideynlər, müəllimlər və mütəxəssislər üçün maarifləndirici proqramlar hazırlayırıq. Uşağın təhlükəsiz, emosional cəhətdən güclü mühitdə böyüməsi zorakılığın qarşısı alınmasının ən effektiv yoludur.”

Şahnigar Əhmədova, “İki sahil”