22 noyabr 2025 14:41
136

Politoloq: Gürcüstan Avrasiyada tranzit qovşağı rolunu artırmaq fürsətini qaçırmamalıdır

Cənubi Qafqaz regionu infrastruktur və geoiqtisadi baxımdan yeni formalaşma mərhələsinə daxil olub və bu proses Gürcüstan üçün də ciddi mesaj xarakteri daşıyır.

“İki sahil” xəbər verir ki, bu barədə “Xalqın Gücü” partiyasının üzvü, politoloq Davit Kartvelişvili sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Gürcüstan üçün tranzit strategiyasını gücləndirmək, xarici iqtisadi əlaqələri şaxələndirmək, enerji və nəqliyyat danışıqlarında fəal iştirak etmək lazımdır.

“Mərkəzi Asiya ölkələrinin liderləri ilə Vaşinqton sammiti (C5+1 təşkilatının 10 illiyinə həsr olunub) bizdən izsiz ötüşmədi. Hökumət Gürcüstana Mərkəzi Asiya ölkələrində iqtisadi iştirakını genişləndirməyə imkan verəcək CARTIF sazişi üzrə danışıqlara başlanıldığını elan edib. Sənəd bazarlara çıxışın sadələşdirilməsini, tranzit axınlarının isə Xəzər regionu və Qafqaz üzərindən daha səmərəli şəkildə əlaqələndirilməsini nəzərdə tutur”, - deyə politoloq diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu, Gürcüstana hazırda nisbətən az sayda bazardan asılı olan ixracatını diversifikasiya etmək imkanı verir. Uzunmüddətli perspektivdə isə saziş ölkənin Avrasiyada tranzit qovşağı kimi rolunu gücləndirir. Bu da Qərb və ya Şimal siyasi konyukturasından asılılığı azaldır.

“Gürcüstan Azərbaycan ilə Ermənistan arasında mümkün nəqliyyat və logistika dəhlizi olan Tramp marşrutunu (Zəngəzur Dəhlizi) müzakirə etmək üçün yeni Transqafqaz marşrutu üzrə məsləhətləşmələr aparan ABŞ Dövlət Departamentinin nümayəndələrinin Gürcüstana səfərini qaçırmamalı, bundan bəhrələnməlidir”, - deyə Davit Kartvelişvili yazıb.