Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyasının rəhbəri Nizaməddin Hüseynzadə Türkiyəyə işgüzar səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirib.
“İki sahil” xəbər verir ki, səfərin əsas məqsədi iki qardaş ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni təşəbbüslərin müzakirəsi və qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi olub.
Assosiasiya rəhbəri ilk olaraq Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımla görüşüb. Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin turizm sahəsində də sürətlə inkişaf etdiyi vurğulanıb.
Şamil Ayrım Azərbaycanın turizm sektorunun son illərdə dinamik inkişaf etdiyini, Türkiyənin bu sahədə geniş təcrübəyə malik olduğunu bildirib. O, həmçinin Assosiasiyanın təşəbbüslərini yüksək qiymətləndirərək, iki ölkənin turizm sənayesi arasında yeni körpülərin salınmasının vacib olduğunu vurğulayıb.
Nizaməddin Hüseynzadə isə Azərbaycan turizminin yeni inkişaf mərhələsində olduğunu qeyd edib. O, Türkiyə ilə əməkdaşlığın bu prosesə mühüm töhfə verəcəyini bildirib və qarşıdakı dövrdə qardaş ölkənin turizm şirkətləri daha sıx işgüzar əlaqələrin qurulacağına əminliyini ifadə edib.
Daha sonra Nizaməddin Hüseynzadə Türkiyənin Gənclər və İdman Nazirliyinin idarə rəisi (Daire Başkanı) Hasan Urhan ilə görüş keçirib. Səmimi və işgüzar mühitdə keçən görüşdə idman düşərgələrinin təşkili, birgə festivalların həm Azərbaycanda, həm də Türkiyədə turizmin inkişafına əlavə dinamika yarada biləcəyi qeyd olunub.
Nizaməddin Hüseynzadə rəhbəri olduğu Assosiasiyanın turizm sahəsində beynəlxalq əlaqələrin qurulmasına böyük üstünlük verdiklərini, xüsusilə Türkiyə ilə əməkdaşlığın prioritet olduğunu qeyd edib.
Bundan başqa, Assosiasiya rəhbəri Ankarada Altındağ Bələdiyyəsinin təşkil etdiyi əmək yarmarkası ilə də tanış olub.
Keçirilmiş görüşlərdə tərəflər gələcəkdə turizm sektoru üzrə əməkdaşlıq və qarşılıqlı dəstək imkanlarını ətraflı müzakirə ediblər.
İpoteka və Kredit Zəmanət Fondunda iqtisadi sahədə ixtisaslaşmış ekspertlərlə görüş keçirilib
Orta Dəhlizin rolu güclənir: Azərbaycanın sədrliyi ilə yaradılan beynəlxalq təşkilat fəaliyyətə başladı