05 dekabr 2025 09:33
76

Milli mənlik şüuru itərsə…

Ötən əsrin 90-cı illərində Azərbaycanın yenidən öz dövlət müstəqilliyinə qovuşması xalqımızın tarixi nailiyyəti, milli dövlət quruculuğu istedadının təzahürü idi. Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində respublikaya rəhbərlik edən idrakı sönük başçıların xəyanəti üzündən Azərbaycanın başı üstünü qara buludlar aldı. 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyəti güc yolu ilə zəbt etməsindən sonra vəziyyət daha da ağırlaşaraq faciəvi mərhələyə qədəm qoydu. Hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, flüger “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular.  Ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Heç bir nəzəri biliyi, dövlətçilik təcrübəsi, idarəçilik qabiliyyəti olmayan “bəylər”in yarıtmaz idarəçiliyi ilə respublika dərin böhrana sürükləndi. Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada xaos, anarxiya, hərc-mərclik hökm sürür, talançılıq, korrupsiya, rüşvət meydan sulayırdı. İqtisadiyyat dağılıb gedirdi. İnflyasiya 1000 faizdən çox idi. İş o yerə çatmışdı ki, 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə o vaxtkı Prezident Əbülfəz Elçibəy məmurlara ittihamedici suallar verərək “Bizim sayəmizdə bu respublika dağılır, niyə bu respublikanı dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür...” demişdi.

Azərbaycan xalqı bu rəzil, xəyanətkar, səriştəsiz, başıpozuq dəstənin hakimiyyətinə bir il dözə bildi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev “olum ya ölüm” dilemması ilə qarşı-qarşıya qalan Azərbaycanın sınağa çəkildiyi o çətin anlarda öz xilaskarlıq missiyasını həyata keçirdi, Azərbaycanı çirkli siyasi oyunların məngənəsindən çıxardı, xalqı və ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas etdi. Ümummilli Lider milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi üçün respublikada milli birlik və həmrəyliyə nail olmaq istiqamətində mühüm addımlar atdı. Ulu Öndərin gərgin və titanik fəaliyyəti Azərbaycan dövlətini dağılmaq və parçalanmaq təhlükəsindən xilas etdi, nizami ordu yaradıldı, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlər həyata keçirildi. Hakimiyyət boşluğu aradan qaldırıldı, separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi.

Bu gün radikal müxalifət düşərgəsinin antimilli təmsilçiləri, xüsusilə də AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, reneqat Gültəkin Hacıbəyli və onların züy tutanları bilməlidirlər ki, xalqa yaşatdıqları o ağır günləri, zülmləri, talançılığı, oğurluğu, müasir tariximizin o qara səhifələrini heç kim unutmayıb. Belələri yaxşı bilməlidirlər ki, xalqımızın və dövlətçiliyimizin ən müsibətli dövrlərindən olan 1992-1993- cü illərin məşəqqətləri, eləcə də bu antimilli ünsürlərin xəyanətkarlığı, səriştəsizliyi ucbatından Qarabağın erməni işğalına məruz qalması tarixin yaddaşından heç vaxt silinməyəcək.

Cəmiyyətdə heç bir rolu, sosial bazası, ictimai dəstəyi olmayan, ötən əsrin 90-cı illərinin çayxana təfəkküründən, küçə, daş-kəsək psixologiyasından əl çəkə bilməyən, müasir çağırışlara cavab vermək iqtidarında olmayan, öz köhnəlmiş, mağara, antimilli təfəkkürlü adətlərindən əl çəkməyən dağıdıcı müxalifət ünsürləri hələ də ötən əsrin köhnəlmiş siyasi şüur və inkarçı, pozucu mübarizə metodlarından əl çəkə, yeniləşə, milliləşə bilmirlər. Əxlaqi-mənəvi deqradasiyaya uğrayan, milli hissiyyatını itirən, öz xalqına, Vətəninə müxaliflik edən bu nankorların, əqidəsizlərin, rəhmətlik Xəlil Rza demişkən, bu züyçülərin, zurnaçıların son zamanlar “YouToube” və “Facebook”da anti-Azərbaycan cəfəngiyyatları, qarayaxmaları, xəyanətkarlıqları heç bir nəticə verməyəcək. vətənpərvərlik və milli şüur hissi bu marginallara tamamilə yaddır.

Son günlər Ramiz Mehdiyev işi bağlı ortaya çıxanlar bir daha təsdiq etdi ki, vətənpərvərlik və milli şüur hissi bu marginallara tamamilə yaddır. Filosof, fəlsəfə doktoru Firuzə Əliyeva yazır ki, Vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır: “Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı-ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlardan bir sevinc və fərəh də duyur. Hər bir şəxs özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır”. Qalib xalqın vətəndaşı kimi yaşamaq duyğusundan məhrum olan Ə.Kərimli kimilər çoxdan milli vicdanı itiriblər.

Zahid Rza, “İki sahil”