05 dekabr 2025 10:00
52

Dövlətçiliyin üç sönməz işığı…

Haqqı qoruyan Konstitusiya, azadlığı yaşadan suverenlik, şüuru oyadan media

Xalqın ruhu onun qanunlarında, taleyi isə dövlətinin möhkəmliyində yaşayar

Azərbaycan xalqı üçün Konstitusiya yalnız kağız üzərində yazılmış maddələr deyil. O, azadlıq ümidinin, milli kimliyin və yüzillər boyu qorunan mübarizə ruhunun simvoludur. Suverenlik isə bu ruhun həyata keçdiyi müstəqil dövlətin sarsılmaz dayağı, ərazi bütövlüyünün və xalq birliyinin qoruyucusudur. Tarixin ən çətin anlarında belə Azərbaycan xalqı dövlətçiliyini, hüquq və ədalət prinsiplərini qorumağı bilmiş, gələcəyə ümidini heç vaxt itirməmişdir. Bu gün Konstitusiya və suverenlik yalnız qanunlarda deyil, ictimai şüurda, medianın işığında və hər bir vətəndaşın məsuliyyətində nəfəs alır, gələcəyimizi işıqlandıran yol kimi parlayır.

Konstitusiya və suverenlik dövlətçiliyin əsas dayaqlarıdır

Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi təminatı, dövlət quruculuğunun əsas hüquqi bazası, suverenliyimiz isə dövlətimizin gücünün rəmzidir. Konstitusiya və suverenlik Azərbaycan dövlətçiliyinin dayaqlarıdır. Konstitusiya və suverenlik anlayışları bir-birindən ayrı düşünülə bilməz. Çünki Konstitusiya hüquqi nizamın və vətəndaş hüquqlarının təminatçısıdır, suverenlik isə dövlətin müstəqil qərar vermə qabiliyyətini və ərazi bütövlüyünü qoruyur.Bu fundamental prinsiplərin qorunması və möhkəmləndirilməsi ölkənin regional və qlobal səviyyədə davamlı inkişafının, hüquqi sabitliyinin və milli birliyinin əsas təminatıdır. Hər bir vətəndaşın Konstitusiyanı öyrənməsi, onun prinsiplərinə hörmət etməsi və dövlət suverenliyini qorumağa çalışması bu inkişaf yolunda əsas vəzifədir.

Xilaskarlıq və dövlətçiliyin yenidən doğuluşu

Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədilə atılan addımlar arasında xüsusilə mühüm əhəmiyyət kəsb edən hadisə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsidir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq imzalanan sənəddə də qeyd edildiyi kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə hakimiyyətsizliyin mövcudluğu Azərbaycanı böyük çətinliklərlə,  təhlükələrlə üz-üzə qoydu. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Ölkəmizin ən çətin günlərində  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını uğurla həyata keçirərək Azərbaycanı yenidən qurdu, dövlətçiliyin əsaslarını yaratdı. Hər bir ölkənin inkişafında sabitliyin əsas faktor olduğunu önə çəkən Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı.

Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi və Konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirilib. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində, 2009-cu il martın 18-də isə 25 maddəyə əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının gücləndirilməsi, həmçinin vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlib. Beləliklə, Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Tarixi Zəfərin işığında..

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti və Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanılan tarixi Zəfər, eləcə də Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən, cəmi 23 saat 43 dəqiqə davam edən uğurlu lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədləri, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi tam bərpa edilmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamla hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsini qərara almışdır.

Bu gün  xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının real təcəssümü olub.

Medianın vətəndaş və hüquq arasında maarif körpüsü

Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün bərpası, qanunun aliliyinin qorunması, dövlətin möhkəm idarəçiliyinin təmin olunması, müasir dövlətçilikdə xalqın hüquqlarının qorunması və ictimai etimadın gücləndirilməsi, bu nailiyyətlərin ictimaiyyət tərəfindən dərk edilməsi üçün informasiya məkanı və media önəmli vasitəyə çevrilir. Media həm vətəndaşla dövlət arasında körpü rolunu oynayır, həm də Konstitusiya və suverenliyin praktiki əhəmiyyətini cəmiyyətə çatdırır, ictimai şüuru gücləndirir.

Media qanun layihələrinin müzakirəsini işıqlandırır, seçki proseslərini izləyir, vətəndaş hüquqlarını qoruyur və ictimai ehtiyacları dövlət orqanlarına çatdırmaqla demokratik idarəetmənin səmərəliliyini artırır. Eyni zamanda, media Konstitusiya və suverenliyin təbliğində əvəzsiz rol oynayır, hüquqi savadı yüksəldir və gələcək nəsillərin dayanıqlı hüquqi mühitdə yaşamasına zəmin yaradır.

Konstitusiya və suverenlik yalnız hüquqi sənədlər deyil. Onlar dövlətin möhkəmliyini, ictimai etimadı və milli maraqları qoruyan dinamik sistemdir. Media bu sistemin effektivliyini cəmiyyətə çatdırır, qanunların tətbiqi və vətəndaş hüquqlarının qorunmasını işıqlandırır, ictimai hüquqi şüurun formalaşmasına xidmət edir. Eyni zamanda, sosial problemləri və ictimai narazılıqları dövlət orqanlarına çatdırmaqla demokratik idarəetmənin şəffaflığını təmin edir.

İctimai şüurun inkişafında media xüsusi rol oynayır. Hüquqi savad yalnız qanunları bilmək deyil, onların mənasını və əhəmiyyətini dərk etməkdir. Media cəmiyyəti hüquqi biliklərlə təmin edərək vətəndaş məsuliyyətini artırır, demokratik nəzarət mexanizmini gücləndirir və dövlət qərarlarına ictimai təsiri yüksəldir. Sosial məsələlər, hüquqi yeniliklər və dövlət proqramlarının işıqlandırılması ictimai maarifləndirməni təmin edir, dialoq mədəniyyətini inkişaf etdirir və dövlət ilə vətəndaş arasında etimad körpüsünü möhkəmləndirir.

Suverenliyin qorunmasında media strateji rol oynayır. Dövlətin milli maraqları və beynəlxalq mövqeyi ictimaiyyətə düzgün çatdırıldıqda etimad möhkəmlənir. Media ictimai təklifləri və narazılıqları çatdırmaqla demokratik idarəetmənin şəffaflığını təmin edir, ictimai iştirakçılığı artırır.

Müasir dövrdə dövlətin hüquqi və siyasi dayanıqlığı yalnız qanunvericilik və institusional strukturlarla təmin olunmur. Media və ictimai nəzarət mexanizmləri konstitusiya və suverenliyin praktiki həyata keçirilməsində həlledici rol oynayır. Jurnalistika və rəqəmsal platformalar vətəndaşların hüquqi savadlılığını artırır, suverenlik və demokratik institutlara güvəni möhkəmləndirir. Araşdırıcı jurnalistika qanunsuzluqları ifşa edərək dövlətin şəffaf idarəçiliyinə dəstək verir.

      Medianın hüquqi fəaliyyəti üç əsas istiqamətdə özünü göstərir:

      Maarifləndirmə – Konstitusiya və qanunlar barədə vətəndaşları məlumatlandırmaq, hüquq və öhdəlikləri izah etmək.

      Analitik fəaliyyət – Hüquq və siyasət sahəsində hadisələri təhlil edib qlobal kontekstə yerləşdirmək.

      İctimai nəzarət – Dövlət orqanlarının fəaliyyətinə ictimai rəy formalaşdırmaq və hüquqi normativlərin pozulmasını aşkar etmək.

Ombudsman və media: Hüququn vicdan səsləri

Hüquqi biliklərin cəmiyyətə çatdırılmasında və hüquqların qorunmasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) mühüm rol oynayır. Ombudsman yalnız hüquqi müdafiəni təmin etmir, həm də media ilə əməkdaşlıq yolu ilə Konstitusiya və suverenlik prinsiplərinin ictimaiyyət tərəfindən anlaşılmasını və həyata keçirilməsini dəstəkləyir. Medianın geniş auditoriyaya çıxışı hüquqi pozuntuların vaxtında aşkarlanmasına, şəffaflığın və hesabatlılığın güclənməsinə, vətəndaşların hüquqi biliklərinin yüksəlməsinə şərait yaradır. Ombudsman və medianın əməkdaşlığı cəmiyyətdə hüquqi mədəniyyətin formalaşmasında həlledici əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq vətəndaşların hüquqlarının qorunmasını təmin edir, qanunun aliliyi barədə şüuru artırır və dövlətin Konstitusiya və suverenlik prinsiplərinin real həyatda effektiv tətbiqinə zəmin yaradır. Nəticə olaraq, Ombudsman və media birgə fəaliyyəti sayəsində Azərbaycan cəmiyyətində hüquqi maarifləndirmə, şəffaflıq və vətəndaş məsuliyyəti güclənir; bu isə dövlətçilik prinsiplərinin dayanıqlı və praktik həyata keçirilməsini təmin edir.

Dövlətçiliyin qalxanı Konstitusiya, gücü suverenlik, səsi media

Azərbaycanın müstəqillik tarixi göstərir ki, Konstitusiya və suverenlik həmişə medianın diqqətində olub. Müstəqillik illərində media həm hüquqi maarifləndirmə, həm də dövlət quruculuğu prosesində fəal iştirak edib. Bu gün jurnalistika yalnız xəbər yaymaqla kifayətlənmir, vətəndaş hüquqlarını müdafiə edir, suverenliyi qoruyur və milli maraqların təmin olunmasına töhfə verir. Beləliklə, Konstitusiya, suverenlik və media Azərbaycan dövlətçiliyinin dayanıqlığını təmin edən qarşılıqlı təsir zənciri yaradır. Media olmadan dövlət və cəmiyyət arasında balans pozular, ictimai etimad zəifləyər və demokratik nəzarət mexanizmi səmərəsizləşər. Media isə bu boşluğu doldurur, hüquqi savadı artırır, ictimai şüuru gücləndirir və gələcək nəsillərin hüquqi baxımdan dayanıqlı mühitdə yaşamasını təmin edir. Hər bir qanun layihəsi, dövlət proqramı və ictimai təşəbbüs medianın diqqətinə çıxarıldıqda dövlət və cəmiyyət arasında möhkəm, etibarlı və davamlı əlaqə formalaşır.

Konstitusiya və suverenlik Azərbaycan dövlətçiliyinin iki sarsılmaz dayağıdır. Onlar yalnız hüquqi norma deyil, cəmiyyətin vicdanında, vətəndaş məsuliyyətində və medianın işığında yaşanır. Media bu dayaqları cəmiyyətə çatdırır, hüquqi savadı yüksəldir, demokratik nəzarəti möhkəmləndirir və dövlət ilə xalq arasında etimad körpüsü yaradır. Ombudsman və medianın birgə fəaliyyəti cəmiyyətdə hüquqi mədəniyyətin təməlini möhkəmləndirir, vətəndaşları maarifləndirir və Konstitusiya ilə suverenliyin real həyatda qorunmasını təmin edir. Beləcə, Azərbaycan yalnız hüquqi baxımdan deyil, həm də ictimai şüur və milli vətəndaşlıq baxımından da möhkəm, dayanıqlı və ümid dolu bir dövlət kimi yüksəlir, gələcəyə inamla addım atır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Yazı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi ənənəvi jurnalist yazı müsabiqəsinə  təqdim edilir