“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatında partiya veteranları ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev və partiya veteranları çıxış ediblər.
Natiqlər Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik dövrünün şərəfli salnaməsi, xalqa, dövlətə xidmət nümunəsi olduğunu deyiblər. Çıxışlarda müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan, habelə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərdən ətraflı bəhs edilib. Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu və atılan addımların YAP-ın cəmiyyətdəki mövqeyini daha da gücləndirdiyi qeyd edilib.
Sonda rayon təşkilatının fəaliyyətində və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya veteranları fəxri fərmanla təltif edilib.