Azərbaycan və Gürcüstanın təhsil nazirləri Tbilisidə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, Gürcüstanın Təhsil, Elm və Gənclərlə İş üzrə naziri Givi Mikanadze ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev rəhbərlik edib. Görüşdə təhsil, elm və gənclərlə iş sahələrində Gürcüstan–Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Givi Mikanadze azərbaycanlı həmkarına Gürcüstanın təhsil sistemi üzrə son yeniliklər barədə məlumat verib və xüsusilə ali təhsil və ümumi təhsil pillələrində planlaşdırılan islahatlara toxunub.
Görüş zamanı bir sıra vacib məsələlər diqqət mərkəzində olub:Gürcü və Azərbaycan dilli məktəblərə dərsliklərin vaxtında çatdırılması, Etnik azlıqların təhsilə inteqrasiyasının gücləndirilməsi, Ali təhsil müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, ADA Universiteti ilə mövcud uğurlu əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi. Emin Əmrullayev uzunmüddətli səmərəli əməkdaşlığa görə Gürcüstan tərəfinə təşəkkür edib və təhsil, elm və gənclər sahələrində yeni birgə layihələrin həyata keçirilməsinə tam hazır olduqlarını bildirib.
Görüşdə Gürcüstan tərəfdən nazirin birinci müavini Levan Qirsiaşvili, müavinlər Baia Kvitsiani və Tamar Maxaraşvili, Beynəlxalq Əməkdaşlıq və Strateji İnkişaf Departamentinin rəhbəri Nikoloz Beselia iştirak ediblər.
Azərbaycan tərəfindən isə Elm və Təhsil nazirinin müavini Həsən Həsənli, Nazirliyin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri, Təhsil İnstitutunun direktoru Elnur Əliyev, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri görüşdə yer alıblar.