Nigeriya Hərbi Hava Qüvvələri Beninin iqtisadi paytaxtı Kotonuda uğursuz hərbi çevriliş cəhdinin iştirakçılarına hava zərbələri endirib.
“İki sahil” xəbər verir ki, bu barədə "Frans Press" agentliyinə Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü Ehimen Ejodamen deyib. Onun sözlərinə görə, Nigeriya Hərbi Hava Qüvvələri Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin və Regional Gözləmə Qüvvələrinin protokollarına uyğun olaraq Benində əməliyyatlar həyata keçirib.
Nigeriyanın Makama portalının məlumatına görə, Nigeriya qırıcıları çevrilişə cəhd edənlər zirehli avtomobillərlə Kotonunu tərk edən zaman onlara zərbələr endirib. Hava zərbələri Benin hakimiyyətinin məlumatı və razılığı ilə həyata keçirilib.
Şahidlər Kotonunun müxtəlif ərazilərində çoxsaylı partlayışların baş verdiyini, üsyançıların və onların avadanlıqlarının məhv edildiyini bildiriblər.