08 dekabr 2025 14:04
186

SOCAR-ın “yaşıl” istiqrazlarının üçüncü faiz ödənişi edilib

2025-ci il 8 dekabr tarixində SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə üçüncü faiz ödənişi edilib (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir).

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilib ki, 3-cü faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına  köçürülüb.

2025-ci ilin 15 yanvar tarixində ölkəmizin “yaşıl” enerji sahəsində atdığı  geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən emissiya edilmiş “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.

Cari ilin 7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl” istiqrazları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 16,670 milyon ABŞ dolları məbləğində 423 ədəd əqd bağlanıb.

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında təqribən 82,4 milyon ABŞ dolları məbləğində ticarət aparılıb. Bağlanan əqdlərin sayı 1566-dır (BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 36,5%-ini təşkil edib).

Qeyd edək ki, SOCAR İstiqrazlarının ilk buraxılışından (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 52 milyon ABŞ dolları məbləğində faiz ödənişi edilib.

“ABB İnvest” investisiya şirkətinin marketmeykeri olduğu SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları illik 6% gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonuna qədər sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.

Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı nömrəsi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.