Azərbaycanla Laos arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Laos Xalq Demokratik Respublikasında səfərdə olub. Səfər zamanı Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Laos xarici işlər nazirinin müavini Maytonq Tammavonqsanın həmsədrliyi ilə Azərbaycan və Laos Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
İclasda iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri müzakirə olunub.
E.Məmmədov Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsi prosesi, habelə bərpa-quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı (NAM), Laosun üzvü olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfər zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Laos Milli Assambleyasının vitse-prezidenti Sunthon Saynyaçak və Laos xarici işlər naziri Sonqsavan Fomvihon ilə görüşlər keçirib.
Həmçinin xarici işlər nazirinin müavini E.Məmmədov Laosun nüfuzlu media qurumlarına Azərbaycan-Laos əlaqələrinin cari vəziyyətinə və inkişaf perspektivlərinə dair müsahibə verib.
İkitərəfli diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycanın Vyetnamda, eyni zamanda Laosda akkreditə olunmuş səfirliyi tərəfindən dekabrın 9-da Laosun paytaxtı Vyentyan şəhərində keçirilmiş rəsmi qəbulda nazir müavini E.Məmmədov və fəxri qonaq qismində iştirak etmiş Laosun xarici işlər naziri Sonqsavan Fomvihon qonaqları birlikdə salamlayaraq, geniş nitqlə çıxış ediblər.
Tədbirdə eyni zamanda əvvəllər Bakıda təhsil almış Iaoslulardan ibarət Azərbaycan-Laos Dostluq Assosiasiyasının üzvləri iştirak ediblər.