Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün ombudsmanın xüsusi təqaüdünü qazanmış tələbələrlə görüşüb.
Bu barədə "İki sahil"ə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, görüşdə ombudsman Azərbaycanda gənclərin müxtəlif sahələrdə uğurla fəaliyyət göstərmələri üçün imkanların yaradıldığını bildirib, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Gənclərin hüquqi maariflənməsinin, eləcə də onların bu sahədə təşəbbüskarlığının və biliklərinin dəstəklənməsinin ombudsmanın fəaliyyət prioritetlərindən olduğunu qeyd edib.
S.Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu, o cümlədən digər qanunvericilik aktları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tanış olmağın əhəmiyyətini diqqətə çatdırıb. Tələbələrə Ombudsman təsisatının kitabxanasında yer alan hüquq ədəbiyyatından və digər nəşrlərdən istifadə etməyi də tövsiyə edib.
Gənclərin elmi-tədqiqat, sosial layihələr və ictimai fəaliyyətlərində aktiv iştirakının vacibliyini vurğulayan ombudsman onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda tələbələr göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.