10 dekabr 2025 16:27
136

Azərbaycanın beynəlxalq filateliya sahəsində rolu güclənir

Ümumdünya Poçt İttifaqı (ÜPİ) nəzdində fəaliyyət göstərən Filateliyanın İnkişafı üzrə Ümumdünya Assosiasiyasına (WADP) prezident seçilən AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova Poçt Əməliyyatları Şurasının (POC) iclası zamanı rəsmi şəkildə təqdim olunub.

Təqdimat zamanı ölkəmizin filateliyanın inkişafı sahəsində əldə etdiyi irəliləyişlər, “Azərpoçt”un beynəlxalq poçt-mədəni mühitdə artan rolu və WADP-nin qlobal miqyasda fəaliyyətinin genişləndirilməsi istiqamətində prioritet yanaşmalar təqdim edilib.

Bu nailiyyət beynəlxalq mühitdə Azərbaycanın poçt və filateliya sahəsində mövqeyinin güclənməsi kimi qiymətləndirilib və bu kontekstdə Sitarə Hüseynovanın Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov ilə səfirliyin iqamətgahında görüşü keçirilib. Görüş zamanı cənab səfir Fuad İsgəndərov “Azərpoçt” nümayəndələrini WADP rəhbərliyində təmsil olunması münasibətilə təbrik edərək bu mövqenin ölkəmizə beynəlxalq filateliya platformasında əlavə imkanlar yaratdığını qeyd edib.

Görüşün sonunda Sitarə Hüseynova tərəfindən cənab səfirə Azərbaycan haqqında marka kitabı təqdim edilib.