10 dekabr 2025 16:28
152

Azərbaycan ÜPİ-nin Poçt Əməliyyatları Şurasının və Administrasiya Şurasının sessiyalarında təmsil olunub

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Poçt Əməliyyatları Şurasının (POC) 24–26 noyabr və Administrasiya Şurasının (CA) 27–28 noyabr tarixlərində Bern şəhərində növbəti sessiyaları keçirilib. ÜPİ qərargahında baş tutan sessiyalarda Azərbaycanı AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü Xəyyam Əli-zadə və Marka şöbəsinin müdiri Sitarə Hüseynova təmsil ediblər.

Tədbirlər çərçivəsində üzv ölkələrin nümayəndələri qlobal poçt sektorundakı tendensiyaları nəzərdən keçirib, əsas prioritet siyasətləri müzakirə edib və qarşıdakı dörd il üçün strateji istiqamətləri müəyyənləşdiriblər. Poçt Əməliyyatları Şurasının iclaslarında şuranın tərkibində fəaliyyət göstərən komitələrin işçi qrupları yenidən təşkil olunub.

Bu kontekstdə Maliyyə və Rəqəmsal Xidmətlər qrupunda həmsədr seçilən Azərbaycanı sözügedən müzakirələrdə Xəyyam Əli-zadə təmsil edib. O, beynəlxalq tərəfdaşlarla birgə poçt operatorlarının inklüziv maliyyə xidmətləri və rəqəmsal transformasiya sahəsində rolunun gücləndirilməsinə dair fikir mübadiləsində iştirak edib.