Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığıı ilə Parisdə görkəmli yazıçı, Fransa-Azərbaycan ədəbiyyatının nadir simalarından biri olan Ümmül Banu Əsədullayevanın (Banin) 120 illiyi münasibətilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzində keçirilən tədbiri səfir Leyla Abdullayeva giriş sözü ilə açıb. Diplomat bildirib ki, bu yubiley tədbiri təkcə bir tarixə ehtiram deyil, eləcə də XX əsrin fırtınaları içindən keçərək, öz səsini qoruyub saxlamış bir yazıçının irsini yenidən işıqlandırmaq məqsədi daşıyır. Bakıda varlı və yenilikçi bir ailədə dünyaya gələn Baninin həyatı elə özlüyündə bir roman idi. Ölkənin siyasi təlatümləri fonunda böyüyən Baninin gənc yaşlarında qarşılaşdığı inqilablar və məcburi köç ona sərhədləri aşan bir taleyin qapılarını açıb. O, Parisə sığınıb və burada həm doğma Azərbaycanının səsini, həm də yeni Vətəninin intellektual ruhunu özündə cəmləyən bir qələm sahibinə çevrilib.
Səfir qeyd edib ki, Baninin incə yumorlu, kəskin müşahidə və daxili azadlığına dərin inamla yoğrulmuş xatirələri onun Şərqin duyğulu, ziddiyyətli cazibəsi və Avropanın intellektual aydınlığı kimi ikili kimliyini aydın şəkildə əks etdirir. Onun yazılarında Bakının küçələri Parisin salonlarına qarışır, iki mədəniyyət bir-birini tamamlayan melodiyaya çevrilir. Banin üçün sürgün həyatı itki yox, yaratma fürsəti idi. O, doğma torpağının insanlarını, adətlərini və mənzərələrini dünyaya tanıtmaqla yanaşı, azad düşüncənin və fərdi seçimlərin dəyərini önə çəkib. Onun irsi bu gün də kimlik haqqında geniş və açıq düşünməyə çağırır: kimlik bir tək not deyil, çoxsəsli bir harmoniya ola bilər.
Səfir tədbir iştirakçılarını Baninin fırtınalı həyat yolunu əks etdirən sənədli filmə baxmağa dəvət edib. O, diqqətə çatdırıb ki, filmdən sonra Baninə həsr olunmuş sərgidə onun kitabları, məktubları, şəxsi arxivləri və həyat yolunu işıqlandıran fotoşəkillərlə tanış olmaq olar. Bu sərgi Baninin yalnız ədəbiyyat yox, həm də düşüncə azadlığı, cəsarət və yaradıcılıq simvolu olduğunu göstərir. “Baninin 120 illiyi həm Fransa, həm də Azərbaycan ədəbi yaddaşı üçün böyük bir hadisədir – o, iki mədəniyyət arasında davamlı bir körpü yaratmış nadir yazıçılardandır”,- deyə səfir bildirib.
Filmin nümayişindən sonra Baninin fransız dili öyrətdiyi Fraşonlar ailəsinin üzvləri Jimmy və İren Fraşon, Sorbonne Universitetinin Ədəbiyyat fakültəsinin professoru Aleksandr Stroev, UFAZ Universitetinin icraçı direktoru, Banin haqqında kitab yazan Vazeh Əsgərov, onun həyatından bəhs edən sənədli filmin rejissoru Hüseyn Cavadzadə və Buxarest Universitetinin doktorantı Salatın Şamilova çıxış ediblər.
Fraşonlar ailəsinin üzvləri Baninin onların ən yaxın nənələri olduğunu bildiriblər. Onların sözlərinə görə, Banin təkcə böyük bir ədəbiyyatçı deyil, həm də həyatlarında dərin iz qoymuş bir insan olub. Banin bu ailəyə 1960-cı illərin sonunda daxil olub və qısa müddətdə o, ailənin valideynləri üçün sadiq dost, uşaqlar üçün isə sirdaş nənəsinə çevrilib. Fraşonlar uşaqlıq və yeniyetməlik illərində Baninlə olan xatirələrini bölüşərək, Baninin onlara yazmağa, öz fikirlərinə güvənməyə dair böyük inam yaratdığını qeyd ediblər.
Digər natiqlər Banin haqqında sənədli filmin ərsəyə gəlməsindən və onun yaradıcılığından bəhs edən elmi tədqiqatlardan söz açıblar. Tədbirdə onun haqqında deyilənlər bir daha göstərir ki, Banin təkcə ədəbiyyatda yox, insanlarda da silinməz iz buraxan nadir şəxsiyyətlərdəndir.
Tədbir iştirakçıları Baninin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar. Baninin əsərlərini yazdığı çap maşınları, onun pasportları, kitabları, əlyazmaları, fotoları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
“Poeziya Xəzrisi” Respublika bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb