15 dekabr 2025 11:02
155

Zubir 200-ə, Toral 25-ə çatdı

Abdullah Zubir Premyer Liqada 200-cü oyununu keçirib.

“İki sahil” xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XV turuna təsadüf edib.

O, “Araz-Naxçıvan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/2019-cu illər mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinib.

Futbolçu bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub. Zubir “200”ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.

“Qarabağ”ın futbolçusu Toral Bayramov isə Premyer Liqada 25-ci qolunu vurub. O, buna 137-ci oyununda nail olub. Bayramov Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”ın (5:1) qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/2020-ci illər mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.

T. Bayramov turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Ülvi İsgəndərovun 25-ci qolu da bu mövsümə təsadüf edib.