18 dekabr 2025 12:27
99

Əmək Məcəlləsinə edilən dəyişikliklər sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqini nəzərdə tutur

“Azərbaycanda vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər dövlət tərəfindən işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilib”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclasında  “Əmək Məcəlləsində və digər 17 Qanunda dəyişiklik edilməsi barədə” Qanun layihəsinin müzakirəsi zamanı belə deyib.

Bildirib ki, qeyd olunan hədəflərə nail olmaq üçün ölkədə əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir:
“Konstitusiyanın bir sıra maddələrində (məsələn, maddə 35. Əmək hüququ, maddə 37. Istirahət hüququ və s.) vətəndaşların baza əmək hüquqları müəyyən edildiyi üçün Azərbaycan Respublikasının Konstitusiyasının əmək qanunvericiliyi sisteminin tərkib hissəsi kimi qəbul edilməsi də vacib amillərdəndir. Bu xüsusda, ölkəmizdə iqtisadiyyatın rəqabətə davamlılığı artdıqca əmək münasibətlərinin də təkmilləşərək yeni iqtisadi mühitə və münasibətlərə uyğunlaşmasına, əmək normalarının beynəlxalq əmək normaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, elektron sistemlərin tətbiqi ilə əlaqədar yeni qaydaların müəyyən edilməsinə, eləcə də ötən dövr ərzində əmək qanunvericiliyində aşkar edilmiş boşluqların aradan qaldırılmasına zərurət yaranır”.
Deputat bildirib ki, kəmiyyət baxımından əmək qanunvericiliyi sahəsində son illərin ən geniş spektrli dəyişikliklərini ehtiva edən bu sənəddə nəzərdə tutulan yeni normalar mütərəqqi müddəalarla zəngindir. Belə ki, Əmək Məcəlləsinin 125-ci maddəsi Azərbaycan Respublikasının 11 may 2010-cu il  tarixli  1004-IIIQ nömrəli Qanunu ilə qoşulduğu  “Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında" 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında" 183 nömrəli Konvensiyasının 4-cü maddəsinin 5-ci bəndinə əsasən “Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşaqədərki hissəsi doğuş gözlənilən vaxtdan uşağın faktiki doğulduğu tarixədək ötən günlər qədər uzadılır və bu halda doğuşdan sonrakı mütləq məzuniyyətin heç bir hissəsi azaldılmır”. 
“Bilavasitə Konvensiyada nəzərdə tutulan bu norma hamiləliyə və doğuşa görə məzuniyyətin ümumi müddətinə təsir edir və Konvensiyaya uyğunluğu təmin etmək məqsədilə bu normanın bilavasitə Əmək Məcəlləsində öz əksini tapması zəruridir” deyən deputat bildirib ki, bu məqsədlə Əmək Məcəlləsinin 125-ci maddəsinə yeni 3-cü hissə əlavə edilməsi və əlavə olaraq uzadılan günlərin ödənişli olmasının nəzərə alınması obyektiv və humanist yanaşmanın göstəricisi kimi dəyərləndirilməlidir. 
K.Nurullayeva həmçinin Gender bərabərliyinin təmin edilməsi məqsədilə bu maddəyə 4-cü hissənin əlavə edilməsi və bununla bağlı Əmək Məcəlləsinin 130-cu maddəsinin b) bəndinin çıxarılmasına dair  təklifə də toxunub. Xatırladıb ki, “gender bərabərliyi ilə bağlı əmək qanunvericiliyində son islahatlar nəticəsində Dünya Bankının Qadın, Biznes və Hüquq 2024-cü il nəşrindəki hesabat-reytinqdə Azərbaycan Respublikasını indeksi 78.8-dən təqribən 7 faiz artaraq 85-ə yüksəlib.  Bununla yanaşı sözügedən nəşrə əsasən “Valideynlik” indikatorunu yaxşılaşdırmaq üçün atalara ödənişli məzuniyyət verilməsi üzrə qanunvericiliyin nəzərdən keçirməsi qeyd olunur. Təqdirəlayiq haldır ki, məhz bu məzuniyyət növünün Məcəllədə təsbit olunması nəzərdə tutulur. 
Bu baxımdan deputat hesab edir ki, “Gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsinin nəzərdə tutulması ilə bağlı 125-ci maddənin 4-cü hissəsində yeni normanın müəyyən edilməsi mühüm və müsbət dəyişiklik sayılmalıdır. Bütövlükdə Qanun layihəsində nəzərə tutulan dəyişikliklər mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyır, habelə, əmək münasibətlərində sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqini, müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə gətirilməsini təsbit edir.”