18 dekabr 2025 12:34
108

Humanizm dəyərlərinə sadiqliyin göstəricisi

Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə hər bir sahədə olduğu kimi dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda da mühüm işlər görülüb.  Ulu Öndər Heydər Əliyevin apardığı humanist siyasət nəticəsində ölkəmizdə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Həmçinin Ulu Öndər tərəfindən ölkədə əfv və amnistiya institutlarının bərpa olunaraq tətbiqinə başlanılması da dahi şəxsiyyətin humanist siyasətinin əsas göstəricilərindəndir. 1995-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 32 əfv fərmanı, 7 amnistiya aktı imzalanmış, həmin dövrdə on minlərlə məhkum bağışlanaraq azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir.
Prezident İlham Əliyev hər bir sahədə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Ölkə başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib. Bu siyasət cəmiyyətdə ictimai asayişin və əmin-amanlığın təmin olinmasına, vətəndaşla dövlət arasında münasibətlərin inkişafına böyük töhfə verir. 2003-2025-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən 39 Əfv sərəncamı imzalanıb və 5 Amnistiya aktı qəbul edilib. 
2021-ci ildə Zəfər Günü münasibətilə Zəfər aministiyası elan edilib və 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub. 
Ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirən Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik ili” çərçivəsində 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin sayına görə ən böyük amnistiya olacaq. Belə ki, bu dəfəki amnistiyanın 20 mindən çox  şəxsə şamil ediləcəyi qeyd edilir. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayanlardır. Amnistiya aktının miqyasına görə ölkə tarixində ən geniş amnistiyalardan biri olacağı ehtimalı onun ictimai əhəmiyyətini daha da artırır. On minlərlə insanın taleyinə müsbət təsir göstərəcək bu qərar cəmiyyətdə sosial sabitliyin və inamın möhkəmlənməsinə xidmət edir. 

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri