Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə "Böyük yolun davamı" mövzusunda konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Universitetdə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər. Ümummilli Lider Heydər Əliyevin xatirəsi hörmət və ehtiramla yad edilib. Sonra Qərbi Azərbaycana həsr edilmiş sərgi ilə tanışlıq olub.
Tədbir BDU-nun akt zalında davam edib. Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin inkişaf mərhələsini səciyyələndirən əsas cəhətlərdən biri Prezident İlham Əliyevin həyata keçirdiyi strateji sülhyaratma siyasətidir. Suverenlik konsepsiyası və tarixi ədalətin bərpasına yönəlmiş Qərbi Azərbaycana qayıdış ideyası da dövlət siyasətinin əsas istiqamətlərindəndir. Qərbi Azərbaycan məsələsi həm Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında, həm də tarixi Zəfərimizdən sonrakı mərhələdə Prezident İlham Əliyevin sülh ritorikasında dönə-dönə müraciət etdiyi və ortaya qətiyyətli mövqe qoyduğu bir mövzudur. Azərbaycan dünya birliyində artıq yalnız enerji resurslarına malik ölkə kimi deyil, öz milli maraqlarını qorumağı bacaran, beynəlxalq hüquqa əsaslanan və strateji düşünən ölkə kimi qəbul olunur: “Dövlət başçımız Qərbi Azərbaycana qayıdış məsələsini revizionist deyil, hüquqi-humanitar problem kimi formalaşdırıb. Bu mövqe sülh yolu ilə qayıdış, beynəlxalq hüquq və insan haqları çərçivəsində, ləyaqətli qayıdış, tarixi aktlara və sənədlərə əsaslanaraq qayıdış kimi üç əsas prinsip üzərində qurulub. Bu, təkcə tarixi yaddaş problemi deyil, artıq həm də konstitusion hüquqların bərpası məsələsidir. Prezident İlham Əliyevin mövqeyi yalnız tarixi-faktoloji deyil, həm də humanitar hüquq aspekti ilə bağlıdır”.
Rektor vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı mövqe və baxışlarını bir çox çıxışlarında, xüsusilə 2022-ci il dekabrın 24-də İcmanın rəhbər heyəti ilə görüşündə və sonuncu dəfə cari il noyabrın 3-də AMEA-nın 80 illik yubileyindəki çıxışında bir daha bəyan edib. Bu çıxış Qərbi Azərbaycan məsələsinin elmi əsaslandırılması baxımından strateji əhəmiyyətli sənəd kimi qiymətləndirilə bilər: “Bu çıxışla Prezident İlham Əliyev elm və təhsil müəssisələrinə Qərbi Azərbaycan məsələsinin dövlət siyasətinin tərkib hissəsi, onun elmi əsaslandırılmasının milli vəzifə olmasına dair açıq mesaj verib. Bakı Dövlət Universiteti də sistemli elmi-tədqiqat işləri aparmaqla, akademik, sosial-mədəni layihələrlə bu istiqamətdə əhəmiyyətli töhfələr verəcək. Ötən il BDU-da yaradılan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi bu istiqamətdə fəaliyyətimizdə xüsusi rol oynayacaq. Bakı Dövlət Universiteti Qərbi Azərbaycan məsələsində əsas intellektual mərkəzlərdən biri rolunu oynaya bilər. Universitetin bu prosesə potensial töhfəsi xüsusi tədqiqat mərkəzinin yaradılması, multidissiplinar elmi layihələrin icrası, beynəlxalq konfrans və simpoziumların təşkili, Qərbi Azərbaycanla bağlı xüsusi kurs və proqramların tədrisi və digər tədbirlərdən ibarət olacaq. Qərbi Azərbaycana qayıdış ideyası müasir mərhələdə yalnız siyasi iradə deyil, eyni zamanda elmi əsaslandırma, akademik tədqiqatlar və beynəlxalq hüquqi arqumentlər tələb edir. Bu baxımdan ali təhsil müəssisələrinin və elmi-tədqiqiat institutlarının üzərinə mühüm tarixi məsuliyyət düşür”.
QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış ideyasının əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O qeyd edib ki, son üç il ərzində Qərbi Azərbaycan İcması bir çox mühüm uğurlara imza atıb. Qərbi Azərbaycana qayıdış məsələsi Azərbaycan Prezidentinin, dövlətinin, xarici siyasətinin real və prioritet istiqamətidir: “Son bir ildə Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdış məsələsini ardıcıl şəkildə gündəmdə saxlayıb. İl ərzində 9 dəfə yerli və beynəlxalq platformalarda Qərbi Azərbaycana qayıdış məsələsi qaldırılıb. QAİ son üç il ərzində Prezident İlham Əliyevin 2022-ci ildə verdiyi tapşırıqlara əsaslanaraq fəaliyyət göstərib. Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyevin etdiyi çıxış isə növbəti mərhələ üçün qarşımızda duran vəzifələri açıq şəkildə müəyyənləşdirdi. Bu günə qədər beynəlxalq təşkilatlara və onların rəhbərlərinə 119 müraciət məktubu ünvanlamışıq və bu müraciətlərin heç biri cavabsız qalmayıb. Eyni zamanda, İcmanın hazırladığı 11 sənəd BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın, İqtisadi və Sosial Şuranın rəsmi sənədi kimi BMT-yə üzv olan bütün dövlətlər arasında təşkilatın bütün rəsmi dillərində yayılıb. Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycan həqiqətlərinin tədqiqi və təbliği istiqamətində fəaliyyəti ardıcıl şəkildə davam edir. İcma cari ildə Ermənistan və bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı atdıqları addımlarla bağlı 35 bəyanatla çıxış edib. Eyni zamanda, müxtəlif xarici nümayəndələrlə 78 görüş keçirilib".
İcma sədri qeyd edib ki, Bakı Dövlət Universitetinin ev sahibliyi etdiyi “Böyük yolun davamı” adlı möhtəşəm sərgi və konfransın əsas məqsədi tələbələrə, xüsusilə gənc nəslə Qərbi Azərbaycan həqiqətlərini çatdırmaq, tarixi irsimizi və milli yaddaşımızı təbliğ etməkdir: “BDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyətə başlaması çox böyük uğurdur. BDU-nun çox böyük elmi potensialı var. Əminəm ki, BDU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi Qərbi Azərbaycan İcmasının bu istiqamətdə fəaliyyəti üçün elmi baza funksiyasını yerinə yetirəcək”.
AMEA-nın vitse prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev, BDU-nun Ümumi dilçilk kafedrasının müdiri, QAİ-nin Ziyalılar Şurasının sədr müavini Nizami Cəfərov, QAİ Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxışlarında Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması baxımından konfransın əhəmiyyətini vurğulayıb, bu istiqamətdə müxtəlif elm sahələri üzrə tədqiqatların gücləndirilməsinə ehtiyac olduğunu bildiriblər.
Konfrans çərçivəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli və tədqiqatçı Səbuhi Hüseynovun müəllifliyi ilə ərsəyə gəlmiş “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin də təqdimatı olub. Kitab barədə məlumat verən BDU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru Xalid Niyazov qeyd edib ki, tədqiqatın məqsədi Ermənistan Respublikasında azərbaycanlılara məxsus maddi-mədəni irsin ən mühüm komponentlərindən biri olan qəbiristanlıqların vəziyyətini sənədləşdirmək, həyata keçirilən diskriminasiya siyasətinin onların vəziyyətinə təsirini qiymətləndirməkdir. Hesabat həmçinin Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinə qarşı törədilən vandalizm aktlarının tarixi diamikasını təsvir edir, bu fəaliyyətin nəticələrinin hüquqi aspektlərini araşdırır və beynəlxalq hüquqa əsasən Ermənistanın məsuliyyət daşımalı olduğu müddəaları irəli sürür.
Konfransın sonunda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin Qərbi Azərbaycana həsr etdiyi bədii kompozisiya nümayiş olunub
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Milli irsə, tarixi yaddaşa və müasir inkişaf çağırışlarına strateji əhəmiyyətin parlaq ifadəsi
Azərbaycanda kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi hazırlanıb