23 dekabr 2025 13:24
97

Uitkoff və Rubio arasındakı fikir ayrılığı var? - AÇIQLAMA

ABŞ Dövlət Departamenti NBC telekanalının xüsusi elçi Stiv Uitkoff ilə ABŞ dövlət katibi Marko Rubio arasında guya yaranmış fikir ayrılığı barədə yaydığı məlumatı təkzib edib.

“İki sahil” xəbər verir ki, telekanal iddia edirdi ki, Uitkoff və Rubio Ukrayna münaqişəsinin nizamlanması məsələlərində bir-biri ilə razılaşmırlar. Bildirilirdi ki, Stiv Uitkoff Ukrayna tərəfindən aktiv güzəştlərə çağırır, Marko Rubio isə əksinə, Rusiyaya təzyiqin gücləndirilməsinin tərəfdarıdır.

Qurumun rəsmi nümayəndəsi Tommi Piqott X sosial şəbəkəsində bildirib ki, NBC saxta xəbərlər yayımlayır və zəif məlumatlandırılmış mənbələrə istinad edir. Onun fikrincə, NBC-nin materialı ABŞ prezidentinin komandası barədə “yalan yaymaq” məqsədi ilə hazırlanıb. Tommi Piqott əlavə edib ki, Marko Rubio Stiv Uitkoffu dost və vətənpərvər hesab edir və onun “NBC-nin istənilən əməkdaşından və ya onların guya ‘mənbələrindən’ daha çox dürüstlüyə malik olduğunu” düşünür.

Ağ Evin mətbuat xidmətinin əməkdaşı Anna Kelli də NBC-nin materialını şərh edib. O, Tommi Piqottun mövqeyini dəstəkləyib və NBC-nin işini “tam bir səriştəsizlik” adlandırıb. Mətbuat katibinin sözlərinə görə, Uitkoff və Rubio “tam sinxron şəkildə” çalışırlar.