24 dekabr 2025 21:01
108

Daha bir kənd içməli su ilə təmin olunub

Masallı rayonunun Bala Təklə kəndinə fasiləsiz içməli su verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlər çərçivəsində Masallı rayonunun Bala Təklə kəndində içməli su layihəsi icra olunub. Layihənin başa çatması münasibətilə kənddə açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, sədrin birinci müavini Xəyyam Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Qeyd olunub ki, Masallı rayonu, Bala Təklə kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Qəriblər–Masallı su kəmərinin imkanlarından istifadə olunmaqla kənddaxili paylayıcı şəbəkə inşa edilib. Kəndin mövcud su şəbəkəsinin genişləndirilməsi üçün uzunluğu 4,8 km olan yeni su xətləri çəkilib və ümumilikdə 177 istehlakçı yeni su təchizatı sisteminə qoşulub. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təmin edilib. Layihə çərçivəsində Bala Təklə kəndində 635 nəfər əhali mərkəzləşdirilmiş içməli su təchizatı sistemi ilə təmin olunub.

Masallı şəhərinin içməli su təchizatı Viləşçay su anbarından götürülərək sutəmizləyici qurğular kompleksi vasitəsilə həyata keçirilir. Şəhərin su təchizatı sisteminə layihə məhsuldarlığı sutkada 22 000 m³ olan 1 ədəd sutəmizləyici qurğular kompleksi, 7,2 km magistral xətt, 218 km daxili paylayıcı şəbəkə, hər biri 2 500 m³ tutuma malik 2 su anbarı, 2 ədəd su nasos stansiyası daxildir. Eyni zamanda layihə məhsuldarlığı sutkada 7 500 m³ olan 1 ədəd tullantı su təmizləyici qurğu, 6 ədəd çirkab su nasos stansiyası və 217 km kanalizasiya şəbəkəsi istismar olunur.

Masallı şəhərində abonentlərin sayı 7 362, kəndlər üzrə isə 1 727 olmaqla ümumilikdə rayon üzrə 9 089 abonentə xidmət göstərilir. Hazırda Masallı rayonu üzrə 2 kənd şəbəkə sistemi, 6 kənd isə bulaq sistemli şəbəkə vasitəsilə olmaqla ümumilikdə 8 yaşayış məntəqəsi içməli su ilə təmin olunur.

Qeyd edək ki, 2026-cı il ərzində layihənin davamı olaraq Kürdəbazlı və digər kəndlərdə su şəbəkəsinin tikintisi və sayğacların quraşdırılması işlərinin icrası planlaşdırılır.

Sonda Bala Təklə kəndinin ağsaqqalları göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.