26 dekabr 2025 11:22
103

Dövlət Məşğulluq Agentliyi yeni layihəsi çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə DMA-nın Azərbaycan vətəndaşlarının xarici ölkələrdə rəsmi və təhlükəsiz iş yerləri ilə təminatına dəstək göstərilməsi ilə bağlı yeni layihəsindən bəhs olunub.

Qeyd edilən iş yerlərinin bir qismi dənizçilik və gəmiçilik sahəsinə aid olduğundan bu sahədə ASCO ilə əməkdaşlıq imkanları müzakirə olunub. Layihə çərçivəsində xaricdə mövcud olan vakansiyaların əvvəlcədən təhlükəsizlik, etibarlılıq və hüquqi baxımdan araşdırıldıqdan sonra vətəndaşlara təqdim edildiyi qeyd edilib.

Müzakirələrdə vurğulanıb ki, ASCO-nun beynəlxalq əlaqələrinin genişliyi bu istiqamətdə əməkdaşlığa zəmin yaradır. Bu baxımdan, dənizçilik peşələri üzrə uyğun vakansiyaların müəyyənləşdirilməsi, ilkin araşdırılması və düzgün mənbələr üzrə yönləndirilməsi məsələlərində ASCO-nun dəstək imkanları nəzərdən keçirilib.

İki qurum arasında əməkdaşlığın vətəndaşların xaricdə qeyd edilən iş yerləri üzrə təhlükəsiz və rəsmi məşğulluğuna, eyni zamanda dənizçilik sahəsində ixtisaslı kadrların daha səmərəli istiqamətləndirilməsinə töhfə verə biləcəyi diqqətə çatdırılıb.