12 yanvar 2026 09:46
108

“Combat" Peşəkar Döyüş Liqasına prezident seçilib

“Arpaçay” İdman Birliyinin geniş tərkibdə iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda Birliyin rəhbərliyi, İdarə Heyətinin üzvləri, Azərbaycan idman ictimaiyyətinin görkəmli nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən “Arpaçay” İdman Birliyinin prezidenti Əli Əsgərov qonaqları salamlayıb və iclası açıq elan edib.

“Arpaçay” İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov Birliyin ötənilki fəaliyyəti və yeniliklərlə bağlı iclas iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Kunq-Fu Federasiyasının rəhbərliyi ilə “Arpaçay” İdman Birliyi arasında əməkdaşlıq barədə razılıq əldə edilib. Eyni zamanda, 2025-ci il dekabrın 17-də “Arpaçay” İdman Birliyinin tərkibində "Combat" Peşəkar Döyüş Liqasının yaradılması barədə məlumat verən Y.Huseynov deyib ki, Birliyin İdarə Heyətinin qərarına əsasən, Ruslan Məmmədov Liqanın prezidenti, Elçin Kazımov isə birinci vitse-prezidenti seçiliblər. Y.Hüseynov daha bir məlumatı da diqqətə çatdırıb ki, ilk dəfə olaraq Azərbaycanda bu ilin aprel ayında "Combat" Peşəkar Döyüş Liqasının birinci çempionatı keçiriləcək.

Daha sonra "Combat" Peşəkar Döyüş Liqasının prezidenti Ruslan Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirib, Prezident İlham Əliyevin idman siyasətinə dəstək göstərməyə və töhfə verməyə həmişə hazır olduğunu dilə gətirib.

Tədbirdə Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov, birinci vitse-prezident Babək Əliyev, ümumi işlər üzrə vitse-prezident Ehram Məcidov, federasiyanın hakimlər kollegiyasının sədri Güloğlan Cabbarlı da çıxış edərək, mövcud əməkdaşlığın idman ictimaiyyəti üçün uğurlu olacağını diqqətə çatdırıblar.

Tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov, karate üzrə beşqat dünya çempionu Rafael Ağayev, sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı Hacı Əliyev, MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əskərov, “Zeyd” Döyüş Mərkəzinin prezidenti Emin Əliyev çıxış edərək “Arpaçay” İdman Birliyinin fəaliyyətini yüksək dəyərləndirib, uğurlar arzulayıb və dəstəklərini dilə gətiriblər.