16 yanvar 2026 21:37
88

Azərbaycan xalqının qürur simvoludur - 20 Yanvar

1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi böhran, milli azadlıq hərəkatlarının güclənməsi Azərbaycanda da özünü açıq şəkildə göstərirdi. Xalq azadlıq, suverenlik və ədalət tələbləri ilə meydanlara çıxırdı. Lakin Sovet rəhbərliyi bu haqlı tələblərə dialoq yolu ilə deyil, hərbi güc tətbiq etməklə cavab verdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə ağır texnika və silahlı qoşun hissələri yeridildi. Dinc əhali xəbərdarlıq edilmədən gülləbaran edildi, qadınlar, uşaqlar, yaşlı insanlar belə bu vəhşiliyin qurbanına çevrildi. Rəsmi məlumatlara görə, həmin gecə və sonrakı günlərdə yüzdən artıq insan həlak olmuş, yüzlərlə şəxs yaralanmışdır. Bu qanlı hadisə Azərbaycan xalqının azadlıq iradəsini qırmaq məqsədi daşısa da, əksinə, milli birlik və müstəqillik əzmini daha da gücləndirmişdir. Həmin faciə zamanı həlak olan şəxslərə verilən “20 Yanvar şəhidi” fəxri adı xalqımızın onlara göstərdiyi ən ali ehtiram nümunəsidir.

20 Yanvar faciəsi zamanı həlak olan şəxslərə verilən “20 Yanvar şəhidi” fəxri adı yalnız hüquqi və ya rəsmi status deyil, eyni zamanda yüksək mənəvi dəyər daşıyan anlayışdır. Bu fəxri ad həmin insanların Vətən, azadlıq və milli ləyaqət uğrunda canlarını fəda etdiklərini təsdiqləyir. Onlar silahsız olduqları halda, xalqın haqq səsini boğmaq istəyən güclərə qarşı mərdliklə dayanmış, şəhidlik zirvəsinə yüksəlmişlər.

Şəhidlik anlayışı Azərbaycan xalqının milli-mənəvi dəyərlərində mühüm yer tutur. “20 Yanvar şəhidi” fəxri adı da bu dəyərlərin davamı olaraq, xalqın öz qəhrəman övladlarına göstərdiyi sonsuz hörmətin ifadəsidir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu hadisə dövlət səviyyəsində pislənmiş, şəhidlərin xatirəsi uca tutulmuşdur. Şəhid ailələrinə sosial dəstək göstərilmiş, onların xatirəsinin əbədiləşdirilməsi üçün mühüm addımlar atılmışdır.

Bakıda yerləşən Şəhidlər Xiyabanı 20 Yanvar şəhidləri üçün müqəddəs ziyarətgaha çevrilmişdir. Hər il yanvarın 20-də minlərlə insan xiyabana gələrək şəhidlərin məzarlarını ziyarət edir, onların xatirəsini dərin ehtiramla yad edir. Bu, “20 Yanvar şəhidi” fəxri adının xalqın yaddaşında necə uca tutulduğunu göstərir.

“20 Yanvar şəhidi” fəxri adı gənc nəsil üçün yalnız keçmişin xatırlanması deyil, həm də gələcək üçün böyük dərsdir. Bu ad gənclərə Vətənə sədaqəti, azadlığın hansı bədəllər bahasına əldə olunduğunu xatırladır. 20 Yanvar şəhidləri öz həyatları ilə sübut etdilər ki, azadlıq və müstəqillik xalqın ən müqəddəs dəyəridir.

Məktəblərdə, ali təhsil müəssisələrində 20 Yanvar hadisələrinin öyrədilməsi, şəhidlərin xatirəsinin anılması milli şüurun formalaşmasında mühüm rol oynayır. Bu baxımdan “20 Yanvar şəhidi” fəxri adı tarix dərsliklərində və ictimai yaddaşda xüsusi yer tutur.

“20 Yanvar şəhidi” fəxri adı Azərbaycan xalqının azadlıq mübarizəsinin, milli iradəsinin və qürurunun simvoludur. Bu fəxri ada layiq görülən insanlar həyatlarını Vətən yolunda qurban verərək tarixə əbədi həkk olunmuşlar. Onların xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, müstəqil Azərbaycanın varlığı olduqca ehtiramla yad ediləcəkdir.

Cəmilə Bağırova,
YAP Ordubad rayon təşkilatının məsləhətçisi