18 yanvar 2026 17:29
127

20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir

Azərbaycan xalqının müasir tarixində 20 Yanvar 1990-cı il həm dərin hüzn, həm də milli qürur hissi ilə xatırlanan unudulmaz bir gündür. Bu tarix, sovet imperiyasının süqutu ərəfəsində azadlıq və müstəqillik arzusu ilə ayağa qalxan xalqımıza qarşı törədilmiş ağır cinayətin, eyni zamanda xalqın sarsılmaz iradəsinin və mübarizə əzminin rəmzidir.

1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi böhran, milli azadlıq hərəkatlarının güclənməsi Azərbaycanda da özünü açıq şəkildə göstərməyə başlamışdı. Azərbaycan xalqı öz suveren hüquqlarını tələb edir, milli maraqlarının qorunmasını, Dağlıq Qarabağda baş verən ədalətsizliklərə son qoyulmasını istəyirdi. Dinc etirazlarla başlayan bu hərəkat sovet rəhbərliyinin sərt və qəddar mövqeyi ilə qarşılandı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun ağır texnika və silahlı birləşmələri Bakı şəhərinə yeridildi. Fövqəladə vəziyyət elan edilmədən həyata keçirilən bu hərbi əməliyyat nəticəsində günahsız mülki əhali – qadınlar, uşaqlar, yaşlı insanlar amansızcasına qətlə yetirildi. Rəsmi məlumatlara görə yüzlərlə insan həlak oldu, minlərlə insan yaralandı. Bu hadisə beynəlxalq hüquq normalarına, insan hüquqlarına və humanist dəyərlərə zidd olaraq həyata keçirilmiş açıq hərbi cinayət idi.

20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, əksinə, milli birliyi daha da gücləndirdi. Xalq bu qanlı hadisə qarşısında qorxmadı, geri çəkilmədi və öz müstəqillik iradəsini daha qətiyyətlə ortaya qoydu. Şəhidlərin dəfni zamanı yüz minlərlə insanın küçələrə çıxması, xalqın həmrəyliyi bu faciənin milli dirçəlişə çevrildiyini göstərdi.

Bu hadisələrə ilk siyasi-hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verildi. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək 20 Yanvar hadisələrini SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayət kimi qiymətləndirdi. Məhz onun siyasi qətiyyəti sayəsində sonradan bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi, şəhidlərin xatirəsi əbədiləşdirildi.

Bu gün 20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və azad gələcəyi uğrunda canlarından keçmiş qəhrəmanlar kimi ehtiramla anılır. Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilmişdir. Onların fədakarlığı sayəsində Azərbaycan müstəqil dövlət kimi tarix səhnəsində öz layiqli yerini tutmuşdur.

20 Yanvar faciəsi bizə azadlığın, dövlət müstəqilliyinin hansı böyük qurbanlar bahasına əldə edildiyini xatırladır. Bu tarix gənc nəsil üçün həm dərs, həm də vətənpərvərlik nümunəsidir. Azərbaycan xalqı şəhidlərinin xatirəsini daim uca tutur və onların yolunu davam etdirərək müstəqil dövlətçiliyini daha da möhkəmləndirir.

20 Yanvar şəhidlərinin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Əminə Ağazadə,

Milli Məclisin deputatı