18 yanvar 2026 18:05
91

20 Yanvar tarixdə də yaşayacaq, ruhumuzda da..

Heydər Əliyev: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

1920-ci il aprelin 18-də rus imperiyası Azərbaycan Demokratik Respublikasını ilhaq etsə də xalqın azadlıq ruhunu ilhaq etməyə gücü, qüdrəti çatmadı. Bu ruh zaman-zaman qadağalara, təqiblərə, sürgünlərə məhəl qoymadan gizlin də olsa, kiçik miqyaslarda da olsa təçkilatlanırdı. Bu təşkilatlanma nə vaxtsa bö­yük, dönməz bir hərəkatın başlanğıcı olacaqdı. O ruhu Xəlil Rza Ulutürk “Qolumdakı zəncirləri gərək qıram, gərək qıram!” kimi poetikləşdirmişdi...

Ötən əsrin sonlarında ərazi iddiasına görə Ermənistan Azərbaycana qarşı əvvəlcə passiv, sonra aktiv müharibəyə başladı. Soydaşlarımızın Emənistandan deportasiya edilməsi, ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi, Topxanada meşənin qırılması və 1920-ci ildən üzü bu yana aparılan gizlin müs­tə­qillik mübarizəsini açıq mübarizə müstəvisinə çıxartdı, milli-azadlıq hərəkatı genişləndi.

Sonralar azadlıq Meydanı adlandırılacaq meydan azadlıq, müstəqillik mübarizəsinin tribuna­sıy­dı. Bu tribunadan deyilənlər xalqın tələbiydi. Xalq göndərilmiş ordunun qarşısına silahdan da qüdrətli milli-azadlıq hərəkatı ilə çıx­mış­dı. Şahidlər deyirlər ki, həmin gecə soyuqdan qorunması üçün boğaz şarfını üşüyənə verən də vardı, isti gödəkçəsini, əlcəyini, papağını yeniyetmələrə verən də, üşüyəni köksünə sıxan da. Ç­oxu bir-biriylə burda tanış olmuşdu, burda doğmalaşmışdılar.

Universitetdə tələbə olanda müəllimiz həmin gecənin şahidlərindən biri kimi demişdi: O gecə tələbələr qol-qola tutubmuş. Göndərilmiş əsgərlər onlara yaxınlaşanda qollar bir-birinə daha möh­kəm sıxılıb. Heç biri gələlənlərin qəddarlığından çəkinməyib, yerindən tərpənməyib. Səhərisi mə­lum olub ki, qəddarlar əvvəlcə onların üstünə boğucu qaz vurublar – mücahidlərin əksəriyyəti ağız-bur­nuna boğaz şarfı dolayıbmış. Dözə bilmələri üçün, qollarının bir-birindən üzülməməsi üçün. Onları boğulmasalar da, bəlkə də boğulandan sonra sonra güllələyiblər. Qəddarlıq sənəd­ləş­di­rilib...

Moskva bu hərəkatdan çəkinirdi, bu hərəkat Qazaxıstanda, Gürcüstanda, Pribaltikada başlayan hərə­katlardan fərqli hərəkat idi. Həm mahiyyətinə görə, həm də miqyasına görə. Bu səbəbdən onu dayandır­maq­­­da qərarlı imiş – azadlıq mücahidlərini sonralar Azadlıq meydanı adlandırılacaq meydandan çıxartmağa nail olmuşdu, Bakıya və daha bir neçə şəhərə qoşun hissələri göndərdi. Xalq qoşunun qarşısını səsləriylə, nə­fəsləriylə saxlamaq istəyirdi, bəşəri etiraz kimi.

Moskva Bakı əməliyyatına “Alfa” qrupuna verilən məxfi tapşırıqla başladı, yanvarın 19-da saat 19-30 radələrində televiziyanın enerji bloku partladıldı. Niyə? – camaat bir neçə saatdan sonra başlayacaq əməliy­yat­dan xə­bər tuta bilməsin, qırğının miqyası geniş olsun. Bu, imperiya xisləti idi – özünün hakimiyyətini sax­lamaq üçün öz vətəndaşlarını öz əsgərinin güllələriylə öldürmək...

Əməliyyat yanvarın 19-da saat 23-30-da başladı. Ordunun Bakıya göndərilmiş şəxsi heyətinə ciddi tap­şırıq verilibmiş: küçədə kimi görsəniz güllələyin, binaların artırmalarında kimi görsəniz gülləlyin, “Tə­ci­li yardım”ları güllələyin, zirehli texnikalarla rast gəldiyiniz maşınları əzib keçin. Şahidlər və tarix təsdiq­lə­yir ki, qırğın törədənlər səhərisi gün nisbətən az qəddar olanlarla əvəzlənib...

20 yanvar faciəsində 147 nəfər həlak oldu, 744 nəfər yaralandı, 841 nəfər tutuldu...

Faciənin səhərisi gün böyük tarixi şəxsiyyət Heydər Əliyev Moskvada Azərbaycanın daimi nüma­yən­dəliyinin qarşısında mitinq təşkil etdi, çıxışında, verdiyi bəyanatda faciənin törədilməsinə əmr verənləri də, faciəni törə­dən­ləri də qınadı, öz adından və xalqın adından cəzalandırılmalarını tələb etdi: “Azərbay­cana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Do­nan­ması, desant qoşunlarının diviiziyası, Hava Hücumundan Müdafiə Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olar­dı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdır. Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırmamışdır. Rəh­bərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.

20 Yanvar milli-azadlıq hərəkatımızın tarixində həmişə həm hüzn günü kimi, həm də qürur günü kimi xatırlanacaqdır. Bu hərəkatın nəticəsi olaraq Azərbaycanın dövlət müstəqilliyi bərpa olun­du.

1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu hərəkatın xalqımızın tarixində əbədiyyən yaşayacağını bildirərək dedi: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətlən­di­rir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Fərmanı ilə  "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib.

Bakıda Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi inşa olunub…

Qədim Romalı filosof, siyasi xadim Siseron demişdi: “Mən ya Vətənimin azadlığı üçün yaşamalı, ya da onunla birlikdə məhv olma­lı­yam”. 1990-cı ilin 20 Yanvarında azadlıq mücahidləri bu kəlamların işığında şəhid oldu...

Azərbaycanın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha nurlu sabahları olacaq...

Azərbaycanda şəhidliyə, bu sıradan 20 Yanvar şəhidlərinə əbədi ehtiram formalaşıb.

20 Yanvar tarixdə də yaşayacaq, ruhumuzda da...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı