19 yanvar 2026 10:07
126

Gürcüstan bu il Ermənistanı və Azərbaycanı Türkiyə ilə birləşdirən yolların tikintisini başa çatdırmağı planlaşdırır

Gürcüstan hökuməti Orta Dəhliz layihəsi çərçivəsində 2026-cı ildə Azərbaycanı və Ermənistanı Türkiyə ilə birləşdirən yolların tikintisini tamamlamağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə “Gürcüstan Online” məlumat yayıb.

Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya uzanan nəqliyyat marşrutudur.

2026-cı il büdcəsinə daxil edilmiş hökumət planlarına əsasən, Ermənistan və Azərbaycan sərhədlərinə aparan Rustavi-Qırmızı Körpü və Algeti-Sadaxlo sahələrinin tikintisinin tam başa çatdırılması, həmçinin Türkiyə sərhədinə aparan Batumi-Sarpi yolunun inşası nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Gürcüstanı, Azərbaycanı, Ermənistanı və Türkiyəni birləşdirən Orta Dəhlizin müvafiq hissələrinin tikintisi tamamlanacaq.

Transxəzər beynəlxalq nəqliyyat marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu daşımaları sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb. Hazırda dəhlizin marşrutu Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropaya doğru uzanır.

Gürcüstan Orta Dəhlizə 2022-ci ildə qoşulub. Türkiyə Gürcüstanın tranzit marşrutun bir hissəsi kimi dəhlizə daxil edilməsi təşəbbüsü ilə çıxış edib.