ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqların növbəti raundunun fevralın 1-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə adı açıqlanmayan amerikalı rəsmiyə istinadən "Reuters" agentliyi məlumat yayıb.
"Axios" jurnalisti Barak Ravid də eyni məlumatı yayıb. O, "X" hesabında yazıb: "ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar gələn bazar günü (səkkiz gündən sonra) Əbu-Dabidə davam edəcək".
Jurnalist həmçinin ABŞ administrasiyasının rəsmisinin qiymətləndirməsinə istinad edib. ABŞ rəsmisi hesab edir ki, Moskva və Kiyevin üçtərəfli danışıqlar aparmaq barədə razılığı irəliləyiş gördüklərini göstərir.
"Reuters" agentliyinin mənbəyi də öz növbəsində münaqişədən sonra Ukrayna üçün hazırlanan təhlükəsizlik protokollarının çox möhkəm olduğuna əminlik verib.
Qeyd edək ki, yanvarın 23-24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçirilib.